Ekspert: Apellyasiya müraciətləri ilə bağlı abituriyentlərdə narahatlıq var

“Apellyasiya müraciəti ilə bağlı abituriyentlər arasında müəyyən ehtiyat və narahatlıq var”.

Gununsesi.info bildirir ki, bu fikirləri təhsil eksperti Ramin Nurəliyev deyib:

“Bu narahatlığın əsas səbəbi ondan ibarətdir ki, bəzi abituriyentlər hesab edirlər ki, müraciət etdikləri halda onların nəticələrinə mənfi təsir göstərilə bilər və əlavə yoxlama zamanı ballarında azalma ola bilər.

Apellyasiya məsələsində bir vacib məqama diqqət yetirmək lazımdır. Müraciət edən abituriyentlərin müəyyən hissəsinin nəticələrində dəyişiklik edilir. Bu isə onu göstərir ki, imtahanların, xüsusilə də açıq sualların yoxlanılması zamanı insan amili səbəbindən bəzi hallarda səhvlərə yol verilə bilər. Məhz bu səbəbdən apellyasiya mexanizmi tətbiq olunur.

Hazırkı vəziyyətdə abituriyentlərin bir qismi apellyasiya müraciətindən çəkinir və mövcud nəticə ilə razılaşır. Bu isə sual doğurur: əgər müraciət edənlərin bir hissəsinin nəticəsində düzəliş edilirsə, müraciət etməyənlərin də oxşar səhvlər səbəbilə ədalətsiz qiymətləndirilmə ehtimalı mövcud deyilmi?

Belə olan halda, apellyasiya prosesinin daha əlçatan və etibarlı olması, eləcə də abituriyentlərdə yaranan qorxunun aradan qaldırılması mühüm məsələ kimi ortaya çıxır”.

 

 

Firuzə

Gununsesi.info