Elmar Vəliyev özünü idarə edə bilmirsə, materialları nümayəndəsinə necə verib? - YUNİS SƏFƏROVUN VƏKİLLƏRİ ETİRAZ EDİR

  • By admin
  • 15 İyul 2021 22:01

Bu gün Gəncənin keçmiş icra başçısı Elmar Vəliyev və onu mühafizə edən polis əməkdaşı Qasım Aşpazova qarşı sui-qəsdlə bağlı məhkəmə davam etdirilib.

Qeyd edək ki, məhkəmə sabiq başçısının durumunun müəyyənləşdirilməsi məqsədilə tibbi ekspertiza keçirilməsi üçün təxminən ay yarım əvvəl təxirə salınmışdı.

Gununsesi.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyilə keçirilən məhkəmə iclasında ekspertizanın rəyi elan olunub.

Rəydə yazılıb ki, Elmar Vəliyev 2018-ci il iyulun 3-də aldığı xəsarət nəticəsində hadisələri qavraya bilmir. Zərərçəkmiş qismində tanınmasına baxmayaraq, məhkəmədə iştirak etməsi məqsədəuyğun deyil. Çünki məhkəmədə iştirak etməsi onun vəziyyətinin ağırlaşmasına səbəb ola bilər.
Hakim bununla kifayətlənib, məhkəmə istintaqının yekunlaşmasını təklif edəndə təqsirləndirilən şəxslər və onların vəkilləri etiraz ediblər. Onlar bildiriblər ki, məhkəmə istintaqı təzələnəndə ümidləri yaranmışdı.
“Biz düşündük ki, məhkəmə nəhayət, bu işlə bağlı ətraflı, obyektiv araşdırma aparmaq qərarına gəlib. İndi isə başa düşürük ki, hökmdə Elmar Vəliyevin məhkəməyə gəlməməsini əsaslandıra bilmək üçün məhkəmə istintaqını təzələyib, ekspertiza rəyini aldınız, ona görə işi bitirirsiz. Yəni məqsədiniz heç də araşdırma aparmaq deyildi”, – vəkil Vamiq Şükürov bildirib.
Yunis Səfərovun vəkili Bəxtiyar Hacıyev bildirib ki, Elmar Vəliyevin hadisələri qavraya bilməməsi ortaya başqa suallar yaradır: “Məhkəmədə zərərçəkmiş qismində Vəliyevi təmsil edən nümayəndə var. Hərəkətlərini qavraya bilməyən Vəliyev ona iş materiallarında olan etibarnaməni necə, hansı şəraitdə verib?”
Etirazlara baxmayaraq, hakimlər məhkəmə istintaqının tamamlanması haqda qərar qəbul edib. Çıxış üçün dövlət ittihamçısına söz verilib.
Prokuror bildirib ki, əvvəlki çıxışını müdafiə edir. Dövlət ittihamçısı əvvəlki çıxışında Yunis Səfərova ömürlük, Mahir Əzizov, Rasim Mustafayev və Akif Əliyevə 20, Firudin Zeynalov, Vüqar Məmmədov, Hamlet Abdullayev və Ceyhun Salahova 19, Cəfər Zalov və Ceyhun Qurbanova isə 18 il azadlıqdan məhrumetmə cəzası verilməsini istəmişdi.
Vəkillərin əksəriyyəti hüquqlarını müdafiə etdikləri şəxslərin təqsirsiz olduğunu, Elmar Vəliyev və mühafizəçisinə qarşı sui-qəsd olayına aidiyyəti olmadığını vurğulayıb, bəraət hökmü çıxarılmasını istəyiblər.
Vəkillər Zibeydə sadıqova, Fariz Namazlı və digərləri isə çıxışa hazırlaşmaq üçün vaxt istəyib.
Bu işdə təqsirləndirilən şəxslər arasında iki nəfər var ki, onlar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılarkən öldürülüb. Bunlar Anar Bağırov və Ağa Sərxanidir. Prokuror onların da təqsirli bilinməsini, lakin öldüklərinə görə cəza təyin edilməməsini istəyib.
Anar Bağırovun bacısı, onun hüquqi varisi qismində tanınan Aynur Bağırova bildirib ki, onun qardaşı heç bir cinayət törətmədiyi halda qətlə yetirilib. O, qardaşının ölümünə görə Elmar Vəliyevin qardaşı, ölkənin hərbi prokuroru Xanlar Vəliyevi, o dövrdə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, hazırda isə Müdafiə sənayesi naziri olan Mədət Quliyevi ittiham edib: “Elmar Vəliyevə atılan güllə heç ona dəyməyib, amma ona görə Gəncənin yarısını tutdular. Qardaşımın ölümünü isə siz araşdırmadınız. Mən qardaşımın qanını yerdə qoymayacağam. Qardaşımın başından güllə ilə vurublar. Sonra daha dörd güllə vurublar ona. Birini də ürəyindən. Bunu heç erməni eləməzdi. Bu qədər güllə dəyən adamın əlində silah dayanardı? Əlinə silah verib şəklini çəkiblər ki, guya onun silahı olub. Yalandır, mənim qardaşımın silahı olmayıb…”
Məhkəmədən narazılığını dilə gətirən Aynur Bağırova deyib ki, məhkəmə prosesi Xanlar Vəliyevin istəyinə uyğun aparıldı: “Qardaşımla bağlı yalançı şahidin dindirilməsini istədim, onu da eləmədiniz”.
Məhkəmə prosesi iyulun 29-da davam edəcək.
Hüquq-mühafizə orqanları Elmar Vəliyevə qarşı sui-qəsdi terror əməli hesab edir. İttihama əsasən, Yunis Səfərovun məqsədi terror törədib, Azərbaycanda şəriət qanunları ilə yönəldilən İslam dövləti qurmaq olub.
Yunis Səfərov isə bunu təkzib edir, sabiq icra başçısını əhaliyə zülm etdiyinə görə öldürmək istədiyini bildirir.