Elnarə Akimova: Azərbaycan-Özbəkistan münasibətləri yeni mərhələyə keçir

  • Müəllif: Firuzə
  • 24 Avqust 2026 09:26

Milli Məclisin deputatı Elnarə Akimova Azərbaycan-Özbəkistan münasibətlərinin strateji əhəmiyyətindən danışıb.

Gununsesi.info-nun xəbərinə görə, deputat qeyd edib ki, Azərbaycanın xarici siyasət xəritəsində Mərkəzi Asiya xüsusi strateji çəkiyə malikdir və bu coğrafiyada Özbəkistanla münasibətlər artıq ənənəvi ikitərəfli əməkdaşlıq çərçivəsini aşaraq regional proseslərə təsir göstərən mühüm tərəfdaşlıq platformasına çevrilib.

Elnarə Akimovanın sözlərinə görə, Bakı ilə Daşkənd arasındakı əlaqələrin təməlində ortaq tarix, milli-mənəvi dəyərlər, qarşılıqlı etimad və siyasi iradə dayanır.

O bildirib ki, Heydər Əliyevin 1997-ci ildə Özbəkistana səfəri iki ölkə arasında əməkdaşlığın hüquqi-siyasi bazasının formalaşmasında mühüm mərhələ olub.

Deputat vurğulayıb ki, sonrakı dövrdə bu siyasi xətt Prezident İlham Əliyev tərəfindən yeni məzmunla davam etdirilib və Prezident Şavkat Mirziyoyevlə qarşılıqlı etimada əsaslanan münasibətlər Azərbaycan-Özbəkistan əlaqələrini ən yüksək səviyyəyə yüksəldib.

Akimova bildirib ki, strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə, Ali Dövlətlərarası Şuranın yaradılması haqqında Müqavilə və müttəfiqlik münasibətləri haqqında Müqavilə iki ölkə arasındakı əlaqələri möhkəm hüquqi və institusional müstəviyə keçirib.

Deputat Azərbaycan Prezidentinin avqustun 23-24-də Özbəkistana dövlət səfərinin də bu siyasi kursun davamı olduğunu qeyd edib.

Onun sözlərinə görə, səfər çərçivəsində İlham Əliyevin Şavkat Mirziyoyevlə görüşü və Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şurasının üçüncü iclasının keçirilməsi nəzərdə tutulur.

Elnarə Akimova hesab edir ki, səfəri yalnız ikitərəfli münasibətlər kontekstində qiymətləndirmək doğru deyil.

O bildirib ki, Azərbaycan son illərdə Mərkəzi Asiya ilə əlaqələri xarici siyasətinin mühüm istiqamətlərindən birinə çevirib və Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirakına dair qərar ölkənin regional rolunun artdığını göstərir.

Deputatın fikrincə, Azərbaycan Mərkəzi Asiyaya kənardan baxan ölkə deyil. Xəzər dənizi üzərindən Mərkəzi Asiyanı Cənubi Qafqaz, Türkiyə və Avropa istiqamətləri ilə birləşdirən Azərbaycan regional nəqliyyat və iqtisadi əlaqələr baxımından mühüm qovşaq rolunu oynayır.

Parlamentari iqtisadi əməkdaşlığın da sürətlə genişləndiyini diqqətə çatdırıb.

O bildirib ki, Azərbaycanda 130-dan çox Özbəkistan şirkəti fəaliyyət göstərir, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 795 milyon dollara çatıb və 2026-cı ilin ilk beş ayında bu göstərici daha 33 faiz artıb.

Deputat nəqliyyat, investisiya, enerji və sənaye sahələrində əməkdaşlığın da iki ölkənin müttəfiqliyinin real iqtisadi dayaqlarını formalaşdırdığını vurğulayıb.

Onun sözlərinə görə, 2025-ci ildə Azərbaycan-Özbəkistan arasında tranzit daşımaların həcminin 1,4 milyon tona çatması Bakı-Daşkənd əməkdaşlığının regional əhəmiyyətini daha da artırır.

Elnarə Akimova həmçinin Özbəkistanın işğaldan azad edilmiş ərazilərin bərpasında iştirakını da xüsusi qeyd edib.

O bildirib ki, Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşası və “Dostluq bağı” layihəsi iki ölkə arasındakı qardaşlığın konkret layihələrdə öz əksini tapmasının nümunəsidir.

Deputat eyni zamanda Azərbaycan və Özbəkistan arasında mədəni-humanitar əlaqələrin, şəhərlərarası qardaşlaşma münasibətlərinin və vətəndaş cəmiyyəti əməkdaşlığının genişləndiyini bildirib.

“Azərbaycan-Özbəkistan münasibətlərinin bugünkü səviyyəsi təsadüfi hadisələrin məcmusu deyil. Bu, illər ərzində formalaşmış siyasi xəttin, qarşılıqlı etimadın və strateji baxışın məntiqi nəticəsidir. Heydər Əliyevin qoyduğu möhkəm təməl üzərində İlham Əliyevin həyata keçirdiyi fəal xarici siyasət nəticəsində əlaqələr dostluqdan strateji tərəfdaşlığa, strateji tərəfdaşlıqdan isə müttəfiqliyə yüksəlib”, – deyə Elnarə Akimova vurğulayıb.

Onun sözlərinə görə, qarşıdakı mərhələdə əsas məqsəd əldə edilmiş siyasi kapitalı daha böyük iqtisadi, nəqliyyat, texnoloji və humanitar layihələrə çevirməkdir.

“Bakı ilə Daşkəndin münasibətlərinin gücü ondadır ki, bu əlaqələr keçmişin ortaq yaddaşından qidalanır, bu günün qarşılıqlı maraqları ilə möhkəmlənir və gələcəyin strateji hədəflərinə doğru istiqamətlənir. Azərbaycan və Özbəkistanın yaxınlaşması iki qardaş dövlətin münasibətlərinin uğurundan daha böyük məna daşıyır. Bu, türk dünyasının siyasi və iqtisadi çəkisinin artması, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni əməkdaşlıq körpülərinin qurulması baxımından strateji hadisədir”, – deputat əlavə edib.

Orxan
Gununsesi.info