“Emosional tükənmişlik vaxtında aradan qaldırılmalıdır” -Psixoloq xəbərdarlıq etdi

“İnsan əvvəllər həvəslə gördüyü işə və ya hobbilərinə qarşı marağını itirirsə, bu, çox vaxt adi yorğunluq deyil, emosional tükənmişlikdən xəbər verir”.

Gununsesi.info bildirir ki, bunu psixoloq Aynur İsmayılova deyib.

Onun sözlərinə görə, adi yorğunluq istirahətlə aradan qalxsa da, emosional tükənmişlik zamanı insan dincəldikdən sonra da özünü enerjisiz, daxildən boş hiss edir və həyatdan zövq ala bilmir. Psixoloq qeyd edib ki, uzun müddət davam edən emosional tükənmişlik depressiyaya səbəb ola bilər.

A. İsmayılovanın sözlərinə görə, emosional tükənmişlik daha çox məsuliyyətli işlərdə çalışan, rəhbər vəzifə tutan, başqalarının qayğısına qalan və “yox” deməkdə çətinlik çəkən insanlarda müşahidə olunur. O bildirib ki, həkimlər, müəllimlər və rəhbər vəzifə daşıyan şəxslər bu baxımdan risk qrupuna daxildir.

Psixoloq vurğulayıb ki, insan özündə tükənmişlik və həvəssizlik hiss edirsə, vaxtında psixoloji dəstək almalıdır. Onun sözlərinə görə, iş və istirahət arasında tarazlığın qorunması, həftə sonlarının dincəlməyə ayrılması, yaxın insanlarla vaxt keçirilməsi və sevilən məşğuliyyətlərə vaxt ayırılması emosional tükənmişliyin qarşısının alınmasına kömək edir.

 

Firuzə

Gununsesi.info