Milli Məclisin deputatı Fazil Mustafa son günlər ictimai müzakirələrə səbəb olan polemikalara münasibət bildirib.
Gununsesi.info-nun xəbərinə görə, Fazil Mustafa cəmiyyətdə ziyalı kimi tanınan şəxslərin mövqelərini tənqid edib.
O, son müzakirələrin “qaranlıq keçmişə münasibətdə” cəmiyyətdəki mövqeləri üzə çıxardığını bildirib.
“Çox sevincliyəm. İnanılmaz bir şey: Ölkənin aydınlıq gələcəyində birləşdirə bilmədiyimiz böyük əksəriyyəti qaranlıq keçmişimizdə birləşdirə bildik. Yazmayan, deməyən qalmadı”, – deyə deputat qeyd edib.
Onun sözlərinə görə, son günlərin polemikası cəmiyyətdə ziyalı kimi tanınan şəxslərin mövqeləri ilə bağlı müəyyən mənzərə yaradıb.
“Çox az sayda istisnalarla cəmiyyətdə ziyalı kimi tanınan şəxslər yazıları ilə, mövqeləri ilə, susqunluqları ilə birbaşa geriçiliyi, qaranlıq keçmişi dəstəklədilər və zərrə qədər düşüncə yeniliyi məsuliyyətini daşımaq barədə qayğı çəkmədilər”, – Fazil Mustafa yazıb.
Deputat vurğulayıb ki, sözügedən məsələdə siyasi mövqeləri fərqli olan şəxslər də eyni yanaşmada birləşiblər:
“Fərq etmədi, qatı iqtidarçısı ilə qatı müxalifətçisinə qədər eyni düşüncədə birləşdilər”.
Fazil Mustafa Avropa tarixində baş vermiş intellektual dəyişikliklərə də toxunub.
O qeyd edib ki, Orta əsrlər Avropasında elm və düşüncə həyatının canlanmasının səbəblərindən biri dövrün aydınlarının “qaranlıq keçmişlə mədəni tarix arasında balans yaratmaqdan imtina etməsi” olub.
Deputat Azərbaycanın XIX əsr aydınlarının da buna bənzər proses həyata keçirdiyini və bunun nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığını bildirib.
“Onlar yalnız faydalı, humanist keçmişi mədəni tarixin alt qatına yerləşdirdilər. Eyni işi bizim XIX yüzilin aydınları da uğurla təkrarladıqlarına görə mədəni tariximizin ən böyük əsəri olan Cumhuriyyəti qura bildik”-deyə Fazil Mustafa qeyd edib.
O, paylaşımında şair Məhəmmədhüseyn Şəhriyarın şeirindən də parçalar gətirib və “qaranlıq keçmiş” tərəfdarlarını tənqid edib.
“Gedib öz qaranlıq keçmişinizdə dartılın və qırılıb-qurtulun. Aydınlıq gələcəyi düşünənlər isə Aqşinin xırdaladığı bu söz qızılını bir daha diqqətlə oxusunlar. Ən azı sonradan Şəhriyar kimi məyus olmamaq üçün…” – deputat yazıb.
Fazil Mustafa daha sonra Aqşin Yenisesin fikirlərinə istinad edərək müasir müsəlman dünyasında ziyalıların rolunu sərt ifadələrlə tənqid edib.
“Bu gün müsəlman dünyasındakı qaranlığın müəllifləri din xadimləri deyil, ziyalılardır”, – deyə sitat gətirən deputat əlavə edib ki, bəzi müsəlman ölkələrində yazıçılar, elm adamları və filosoflar “insanlığı geri qaytara bilməsələr də”, köhnə dəyərləri gələcəyə daşıyırlar.
Sitatda həmçinin ziyalının əsas vəzifəsinin mədəniyyəti qorumaq və onun “dəyər zibilliyinə çevrilməsinin qarşısını almaq” olduğu vurğulanır.
Fazil Mustafa fikirlərini “Ziyalı çürüyəndə ondan cəhalət qoxusu gəlir” fikri ilə yekunlaşdırıb.
Orxan












