Gənclər valideynlik məsuliyyətindən çəkinirlər

“Son illər gənclər ailə qurmaq və övlad sahibi olmaq qərarını daha uzun müddət düşünürlər. Bunun əsas səbəblərindən biri gələcəklə bağlı narahatlıq hissidir”.

Bunu Gununsesi.info-ya açıqlamasında psixoloq Sevinc Həbibova deyib:

“İnsanlar valideyn olduqdan sonra həyatlarının tamamilə dəyişəcəyini düşünürlər. Bu dəyişiklikdən çəkinənlər uşaq sahibi olmağı təxirə salırlar”.

Psixoloq qeyd edib ki, bəzi insanlar azad həyat tərzini itirməkdən qorxurlar. Onlar hesab edirlər ki, valideynlik şəxsi plan və istəklərini məhdudlaşdıracaq:

“Bu düşüncə uzun müddət davam etdikdə ailə qurmaq və övlad sahibi olmaq ya gecikir, ya da ümumiyyətlə baş vermir”.

O bildirib ki, valideynlik yalnız məsuliyyət deyil, eyni zamanda insanın psixoloji inkişafına və ailə bağlarının möhkəmlənməsinə yol açır.

Psixoloq hesab edir ki, gənclərdə bu mövzuda sağlam düşüncənin formalaşması üçün maarifləndirmə işləri gücləndirilməlidir. 

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda doğulan uşaqların sayı cəmi bir il ərzində 10 mindən çox azalıb.

Məlumata əsasən, 2025-ci ilin yanvar-may aylarında ölkədə 38 min 836, 2026-cı ilin eyni dövründə isə 28 min 631 körpə dünyaya gəlib. Beləliklə, doğulan uşaqların sayı bir il ərzində 10 min 205 nəfər azalıb.

Firuzə

Gununsesi.info