Georgiyevadan dünyaya XƏBƏRDARLIQ

  • By admin
  • 16 İyul 2022 19:26

Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristalina Georgiyeva dünyanın iyirmi ən böyük iqtisadiyyatını, eləcə də bütün digər ölkələri qlobal iqtisadi canlanmanı təhdid edən inflyasiyanı azaltmaq üçün müvafiq vasitələrdən istifadə etməyə çağırıb.

Gununsesi.info xəbər verir ki, o, bunu şənbə günü Balidə (İndoneziya) keçirilən G20 nazirlərinin görüşündə çıxışı zamanı deyib.

“İlk növbədə ölkələr inflyasiyanın azaldılması üçün əlindən gələni etməlidir. Əgər bu həyata keçirilməsə, bu, iqtisadiyyatın dirçəlməsinə təhlükə yarada, əhalinin həssas təbəqələrinin həyat səviyyəsini pisləşdirə bilər”, – Fondun rəhbəri vurğulayıb.

O, Rusiyanın Ukraynaya qarşı müharibəsinin səngimədiyini, bunun da qiymətlərə əlavə təzyiq yaratdığını vurğulayıb. Eyni zamanda, ticarətdə uzunmüddətli fasilələr və qlobal təchizat zəncirlərində yeni “darboğazların” yaranması qlobal iqtisadi fəaliyyətə getdikcə daha çox təsir edir.

Georgiyeva qeyd edib ki, mərkəzi banklar milli iqtisadiyyatlar səviyyəsində fəallaşır və bu, “yaxşı xəbərdir”. Ancaq bu, çağırışlara cavab vermək üçün tələb olunan səylərin yalnız bir hissəsidir. Bununla əlaqədar olaraq o, hökumətləri mərkəzi bankların müstəqilliyini təmin etməyə, habelə fiskal siyasəti onların səylərinə mane olmamağa kömək edəcək şəkildə formalaşdırmağa çağırıb.

BVF rəhbəri G20 ölkələrini dünya iqtisadiyyatı üçün yeni çağırışları birlikdə aradan qaldırmaq üçün liderlik nümayiş etdirməyə çağırıb ki, bunlardan biri də ərzaq təhlükəsizliyidir.

Gununsesi.info