Heydər Əliyevin 100 illiyyinə həsr olunmuş tədbir keçirilib

İyunun 8-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakıda Beynəlxalq Muğam Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Böyük Qayıdış: çadır düşərgələrindən başlayan yol” adlı mədəni-kütləvi tədbir keçirib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin 1993-2003-cü illərdə qaçqınlar və məcburi köçkünlərlə görüşlərini, didərginlik mərhumiyyətləri ilə üzləşmiş insanlara qayğısını, onların müvəqqəti məskunlaşdıqları yerlərə xarici qonaqlar və beynəlxalq təşkilatların nümayəndələri ilə birgə səfərlərini, mövcud problemə dair tədbirlərdə iştirakını əks etdirən fotosərgi ilə tanış olublar.

Sərgidəki 60-a yaxın fotoşəkildə Heydər Əliyevin xalqının ağrı-acılarına ürəkdən şərik olan, bunları yüngülləşdirmək və aradan qaldırmaq üçün fədakarlıqla çalışan, müharibədən əziyyət çəkən vətəndaşlara hərtərəfli qayğı göstərən, onlarda gələcəyə ümid, torpaqlarımızın işğaldan mütləq azad edilcəyinə inam yaradan müdrik rəhbər, sevilən milli lider obrazı təcəssüm tapıb.

Fotoşəkillərin hər biri Azərbaycan və ingilis dillərində tanıdıcı mətnlə təqdim edilib.
Sonra tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində həyata keçirdiyi dövlət siyasətindən, bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli, yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması istiqamətində görülən genişmiqyaslı tədbirlərdən bəhs edən filmə baxıblar.

Filmin nümayişindən sonra məcburi köçkün ziyalılar Ulu Öndərlə bağlı xatirələrini bölüşüblər. Milli Məclisin deputatı akademik Rafael Hüseynovun xalqımızın ümummilli liderinin həyatı və dövlətçilik fəaliyyəti haqqında çıxışı böyük maraqla qarşılanıb.
Tədbir Azərbaycanın tanınmış muğam ifaçılarının konserti ilə yekunlaşıb.

 

 

Gununsesi.info