III Dünya Müharibəsi başlanır? - SORĞU

Son zamanlar dünyada baş verən hadisələr, geosiyasi reallıqlar, kütləvi etirazlar, pandemiyalar, iqtisadi böhranlar bəşəriyyəti naməlum tunelə doğru aparır. Prosseslərin gedişatı III Dünya Müharibəsini gətirib çıxara bilərmi?

Ednews bu barədə tanınmış ictimai şəxslərin fikirlərini öyrənib. Cavabları təqdim edirik.

Millət vəkili Cavanşir Feyziyev qeyd etdi ki, əslində fasiləsiz olaraq dünyanın müxtəlif bölgələrində,  müxtəlif xarakterli böhranlar həmişə yaşanır. İqtisadi böhranlar, siyasi böhranlar, təbii fəlakətlər, kütləvi etirazlar və hətta lokal müharibələr hələ də bəşəriyyətin daimi yol yoldaşıdır.

“Son iki əsrdə dünya demək olar heç bir il də müharibəsiz yaşamayıb. Son 3 onillik ərzində baş verən hadisələrin intensivliyi və miqyası isə daha da artıb. Bunu sözün tam mənasında Üçüncü Dünya Müharibəsi adlandırmasaq da əslində baş verən hadisələr dünya miqyaslı olmaqla bütün xalqların və dövlətlərin maraqlarına bu və ya digər formada təsir edir. Məsələn, SSRİ-nin süqutu kimi nəhəng miqyaslı siyasi böhran tarixin daha əvvəlki dönəmlərində yalnız dünya müharibələri yolu ilə mümkün olurdu. Lakin 1991-ci ildə SSRİ uzun illər ərzində yetişmiş iqtisadi-sosial böhran nəticəsində dünyanın siyasət səhnəsindən getdi. Amma tamamilə getdiyini də deyə bilmərik. Çünki SSRİ-nin ləğvindən sonra onun ərazisində baş verən lokal müharibələr və hələ bu gün də Ukraynada baş verən hadisələr SSRİ-nin çöküşündən yaranan siyasi-hərbi “avtoşok”lardır. Yəni SSRİ hələ də çökməkdə davam edir. SSRİ kimi nəhəng bir siyasi-hərbi sistemin iflası bütün digər dövlətlər üçün, xüsusilə də dünyanın digər güc mərkəzləri üçün həm yeni imkanlar açır, həm də qlobal siyasi arenada onların özləri arasında yeni maraq toqquşmalarına gətirib çıxarır. Beləliklə, hətta bəşəriyyətin xeyrinə baş verən dəyişikliklər də mütləq şəkildə bir sıra münaqişələrə səbəb olur. Bu münaqişələrin dünya müharibəsinə gətirib çıxarması da mümkündür. Məsələn, hazırda Ukraynada baş verən hadisələr lokal müharibə kimi səciyyələndirilsə də, əslində dünyanın bütün güc mərkəzləri bu hadisələrin fəal iştirakçılarıdır. Klassik formada anladığımız kimi, dünya dövlətlərinin qoşunları və hərbi gücləri bir-biri ilə üzbəüz vuruşmasalar da dünya dövlətlərinin böyük əksəriyyəti bu və ya digər şəkildə bu müharibədə iştirak edir. Üzbəüz vuruşan tərəflər yalnız Ukrayna və Rusiyadır. Amma  bir çox dövlətlər tərəflərdən birinə və ya digərinə siyasi və humanitar dəstək verməklə, bəziləri isə həm siyasi-humanitar və həm də hərbi-texniki yardımlar etməklə müharibənin tərəflərinə çevrilirlər. Bütün bunları müasir dövrün dünya müharibəsi kimi xarakterizə etmək olar. Hadisələrə belə yanaşdıqda hazırda Üçüncü Dünya Müharibəsinin şahidi olduğumuzu deyə bilərik”.

Politoloq Qabil Hüseynli fikirində bildirdi ki, dövlətlər arasında gərgin münasibətlər hökm sürür. Bu münasibətlərin siyasi temperaturu hər gün bir az da artır.

“Dünyada gərgin problemlər yaşanır. Bəzi siyasilər, məsələn, Sebiyanın Prezidenti Aleksandar Vuçiç, Macarıstanın baş naziri Viktor Orban, Rusiyanın Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev və başqaları dünya və nüvə müharibəsindən danışır. Dünyanı daim həyəcan içində saxlayırlar. Nüvə müşayəti ilə dünya müharibəsinin başlaması ehtimalını çox zəyif hesab edirəm. İnsanlar göz görə-görə özlərini qurbanlıq qoyun kimi ölümə məhkum edə bilməz. Bu nüvə tətbiqindən tez-tez danışan Medvedevin başın tapança dirəsən, qorxusundan ürəyi gedər. Bu nöqteyi nəzərdən Üçüncü Dünya Müharibəsi dünyanın məhvi olar. Bəşəriyyət yaşamaq istəyir, misli görülməmiş xarüqələr yaradıb. Bu mənada yaranmış sivilizasiyanı məhv emtəyə şizofrenik, dəli, həyatdan bezmiş adamlar razı ola bilər”.

Həkim-nevroloq Qalib Əsədov Üçüncü Dünya Müharibəsinə hər an hazır olmalı, insanları məlumatlandırmalı deyə düşüncələrini ifadə edib:

“Dünyanın tarazılığı, döngəsi pozulur. İkinci Dünya Müharibəsindən sonra dünya belə qarışıq olmamışdır. Karib böhranını nəzərə almasaq. Hətta onda belə bu cür gərginliklər yaşanmamışdı. Qeyd etdiyim müharibədən sonra bəşəriyyət 50-60 il sülh içində yaşadı. Sonradan yavaş-yavaş dünya dəyişməyə doğru getdi. BMT qəntamə qəbul etmişdi ki, sərhədlər toxunulmazdı. Savaşdan sonra bu prinsiplərə ciddi əməl olunurdu. Zaman keçəndən sonra güclü dövlətlər zəyif dövlətlərin üzərinə getməyə başladı. Yaxud da arxasında güc olan dövlətlər başqalarına təzyiq göstərməyə, onlara hökm verməyə addım atdılar. Rusiya müxtəlif yerlərdə gərginlik ocaqları yaratdı. Uzağa getməyək, Ermənistan Qarabağı kimin gücünə işğal etmişdi? Əlbəttə ki, Rusiyanın. Rusiya-Ukrayna savaşını, güclünün gücsüzü əzməyi, sərhədlərin dəyişməsi ciddi problemlərə gətirib çıxarda bilər. Bir də görəcəyik ki, dünyada hamı hamı ilə vuruşur. Üçüncü Dünya Müharibəsi başlaya bilər. Nüvə tətbiqinə də hazır olmalıyıq. İnsanlar bununla bağlı məlumatlandırılmalı, maarifləndirilməlidir. Bütün bunlara hazırlıqlı olmalı, panikaya düşməməliyik. Müvafiq peraparatlar apteklərdə olmalıdır. Nüvə buludu gələndə neyləmək lazım olduğunu bilməliyik. Bununla bağlı tətqiqat işləri aparılmalıdır. Bəzi avropa ölkələrində artıq bu işlərlə bağlı proseslər aparılır. Təki olmasın müharibə, sülh olsun, amma qəfil hər şey dəyişə də bilər”.

Gununsesi.info