“İranın bəzi dairələri sosial şəbəkələr və media vasitəsilə Azərbaycana qarşı informasiya kampaniyaları aparır, cəmiyyətdə süni narazılıq yaratmağa çalışırlar”.
Bunu Gununsesi.info-ya açıqlamasında deputat Azay Quliyev bildirib.
Deputat Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkian arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin olduğunu vurğulayıb. O, eyni kökdən olan soydaşımızın İran Prezidenti olmasını qürurverici hal kimi qiymətləndirib və hazırkı müharibə şəraitində Pezeşkianın üzləşdiyi çətinliklərə görə narahatlığını ifadə edib.
Bununla yanaşı, A.Quliyev İranın bəzi dairələrinin Azərbaycana qarşı informasiya müharibəsi apardığını, təxribatlara əl atdığını və hədələr səsləndirdiyini bildirib. O, İranın dövlət radio və televiziya qurumunun tərkibində fəaliyyət göstərən “Səhər TV” kanalını bu kampaniyaların əsas ruporlarından biri adlandırıb.
Deputatın sözlərinə görə, məktəblərdə vahid geyim qaydaları ilə bağlı məsələ də kontekstdən çıxarılaraq cəmiyyətdə süni gərginlik və narazılıq yaratmaq məqsədilə təhrif edilir. O, İran parlamentinin bəzi üzvlərinin və SEPAH generallarının Azərbaycan əleyhinə səsləndirdiyi fikirləri də tənqid edib.
A.Quliyev hesab edir ki, sosial şəbəkələr vasitəsilə ictimai rəyə təsir göstərmək cəhdləri yalnız informasiya məsələsi deyil, həm də milli təhlükəsizlik və Azərbaycanın informasiya müstəqilliyi ilə bağlıdır. Onun fikrincə, belə hallara qarşı mübarizə həm dövlətin, həm də bütövlükdə cəmiyyətin üzərinə düşür.
Deputat bildirib ki, xarici dairələr dini, milli və siyasi həssaslıqlardan istifadə etməklə cəmiyyətdə parçalanma yaratmağa və dövlət qurumlarına inamı zəiflətməyə çalışırlar. O, bu cür müdaxilələrin qarşısının alınması üçün hüquqi tədbirlərlə yanaşı, maarifləndirmənin də gücləndirilməsini vacib sayıb.
A.Quliyev vətəndaşların xəbərlərin mənbəyini yoxlamasının, saxta görüntüləri tanımasının, yanıltıcı başlıqlara və emosional çağırışlara tənqidi yanaşmasının əhəmiyyətini vurğulayıb. O, məktəblərdə, universitetlərdə və media vasitəsilə maarifləndirmə işlərinin genişləndirilməsini, xüsusilə gənclərin bu sahədə biliklərinin artırılmasını təklif edib.
Deputat, həmçinin saxta hesabların arxasında duran şəxslərin müəyyənləşdirilməsini, informasiya kampaniyalarının maliyyə mənbələrinin araşdırılmasını və beynəlxalq əməkdaşlığın gücləndirilməsini zəruri hesab edib.
Onun sözlərinə görə, əsas məqsəd yalnız xarici müdaxilələrə cavab vermək deyil, Azərbaycanın informasiya məkanını belə təsirlər qarşısında daha dayanıqlı etməkdir.









