İsrail, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri ‘tarixi saziş’ imzaladılar

  • By admin
  • 16 Sentyabr 2020 08:58

 

İsrail və Körfəzin ərəb ölkələri Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) sentyabrın 15-də Ağ Evdə aralarındakı münasibətlərin normallaşdırılmasına dair saziş imzalayıblar.

Gununsesi.info-un “Azadlıq” radiosuna istinadən verdiyi xəbərə görə, 3 noyabr seçkisindən əvvəl özünün xarici siyasət uğurlarını nümayiş etdirməyə çalışan ABŞ prezidenti Donald Trump sazişin imzalanması mərasiminə ev sahibliyi edib:

“Biz bugün bura tarixin kursunu dəyişmək üçün toplaşmışıq. İxtilaf və münaqişələrin onilliklərindən sonra biz Yaxın Şərqin yeni sabahını qeyd edirik”.

İmzalama mərasimində Trump, İsrailin baş naziri Benjamin Netanyahu, BƏƏ-nin xarici işlər naziri Şeyx Abdullah bin Zayed ən-Nəhyan və Bəhreynin xarici işlər naziri Abdullatif əz-Zayani iştirak edirdilər.

Saziş Fələstin problemini həll etmir

Bu razılaşmalar uzun sürən İsrail-Fələstin münaqişəsinə son qoymur. Fələstinlilər İsrail onların dövlətini rəsmən tanımayınca bu dövlətlə münasibətlərini normallaşdıran istənilən ərəb ölkəsini xəyanətdə ittiham edirlər.

Fələstin lideri Mahmud Abbas sentyabrın 15-də imzalama mərasindən sonra deyib ki, “İsrail işğalı başa çatmayınca regionda heç bir sülh, təhlükəsizlik və sabitlik ola bilməz”.

Fələstin yaraqlıları Vaşinqtonda imzalama mərasiminin keçirildiyi saatlarda Qəzza zolağından İsrail ərazisini raket atəşinə tutublar.

İsrail ilhaq planından müvəqqəti əl çəkib?

Lakin sözü gedən sazişdə İsrailin Qərb sahilində yeni ilhaq planlarından əl çəkməsi şərt kimi qoyulub. Fələstinlilər bu ərazini öz dövlətləri hesab edirlər.

Buna görə də mərasim zamanı BƏƏ naziri İsrailə “Fələstin ərazilərinin ilhaqı planlarını dayandırdığına görə” təşəkkürünü bildirib.

Öz ölkəsində millətçilərin təzyiqi altında olan Netanyahu bildirib ki, o Qərb sahilinin ilhaqından yalnız müvəqqəti imtina edib.

Bundan əvvəl İsraili ərəb ölkələrindən yalnız Misir və İordaniya tanımışdı.

Donald Trump ümid edir ki, bu hadisənin ardınca daha çox ərəb ölkəsi İsraillə münasibət quracaq.

Təhlilçilər bildirirlər ki, Oman, Sudan, Mərakeş və hətta Səudiyyə Ərəbistanı da İsrail dövlətini tanıya bilər.

***

Sentyabrın 15-də ABŞ Prezidenti Donald Tramp Ağ evdə imzalama mərasimi təşkil edəcək, İsraillə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreyn münasibətlərin normallaşması sazişləri imzalayacaqlar.

3 noyabr prezident seçkisi öncəsi Yaxın Şərqdə xarici siyasətinin uğur qazandığını göstərmək istəyən Tramp sazişləri “həqiqətən tarixi” və Yaxın Şərqdə sülhün gələcəyi üçün “həlledici an” adlandırıb.

Avqustun 13-də Tramp, İsrailin Baş naziri Bencamin Netanyahu və BƏƏ-dən Şeyx Məhəmməd bin Zayed iki ölkənin razılaşma əldə etdiyini açıqlayıb.

Razlaşmada İsrail fələstinlilərin tutduğu Qərb sahilin ilhaqı planlarını “dayandırmağı” vəd edir.

Sentyabrın 11-də İsraillə Bəhreyn arasında oxşar razılaşma əldə olunduğu açıqlanıb. Bundan öncə Tramp, Netanyahu və Bəhreyn Kralı Hamad bin Əl Xəlifə arasında telefon danışığı keçirilib.

“Bu iki dinamik cəmiyyət və qabaqcıl iqtisadiyyat arasında birbaşa dialoqun və əlaqələrin qurulması Yaxın Şərqdə müsbət transformasiyanı davam etdirəcək, regionda sabitliyi, təhlükəsizliyi və rifahı gücləndirəcək”, – bəyanata vurğulanır.

İrana qarşı qeyri-rəsmi alyans

Razılaşmada İrana qarşı qeyri-rəsmi alyans da nəzərdə tutulur.

Dövlət katibi Mayk Pompeo deyib ki, bu razılaşmalar Birləşmiş Ştatlar İranla nüvə sazişindən çıxandan sonra İsrailin təcrid olunacağına dair bəzi proqnozların əksini göstərir.

“Körfəz ölkələrinin hər biri İran İslam Respublikasından gələn təhdidin çox, çox real olduğunu anlayır. İndi onlar birlikdə işləyir, təhlükəsizlik və iqtisadi münasibətlər qururlar…” – Pompeo sentyabrın 14-də “Fox News”a deyib.

Tramp daha çox ərəb və müsəlman ölkəsinin bu yolla gedəcəyini bildirib.

Ancaq İran, Türkiyə və fələstinlilər razılaşmaları yaxşı qarşılamayıblar. İranın Xarici İşlər Nazirliyi avqustun 14-də sazişi “BƏƏ-nin Fələstin xalqı və bütün müsəlmanların kürəyindən ədalətsizcəsinə sancdığı xəncər” adlandırıb.

Türkiyənin Xarici İşlər Nazirliyi bildirib ki, region xalqları BƏƏ-nin “bu riyakar davranışını heç vaxt unutmayacaqlar”.

Fələstinin Qəzzəyə nəzarət edən islamçı Hamas hərəkatının sözçüsü razılaşmanı pisləyib.

İran İsrail-Bəhreyn razılaşmasını da imzalanandan bir gün sonra pisləyib. Xarici İşlər Nazirliyi Bəhreyni Trampın təkrar seçilməsi naminə fələstinlilərin uzun müddətdir davam edən əzablarını qurban verməkdə ittiham edib.

 

Gununsesi.info