İTV-dən Makronla bağlı səhnəciyə dair - Açıqlama + Video

İTV-nin efirində yayımlanan “3D” proqramında Fransa Prezidenti Emmanuel Makronla bağlı musiqili səhnəcik müzakirələrə səbəb olub.

Bunun ardından sözügedən telekanal rəsmi feysbuk səhifəsində açıqlama yayıb.

Gununsesi.info  xəbər verir ki, telekanalın açıqlamasında deyilir:

“Əziz dostlar, “3D” proqramının növbəti buraxılışı KİV-də və sosial şəbəkələrdə müəyyən əks-səda doğurmuşdur.

Həmişə olduğu kimi, fikirlər bir-birindən fərqlənib.

Çoxsaylı müsbət rəylərlə yanaşı, musiqi nömrəsində uşaq xorunun iştirakı ilə bağlı mənfi reaksiyalar da olub.

İlk növbədə vurğulamaq istərdik ki, ictimai məkanda müzakirələrin aparılması etikası çərçivəsində irəli sürülmüş istənilən fikrə hörmətlə yanaşırıq.

İstənilən vətəndaşın bizim bu və ya digər proqramların müəlliflərinin, jurnalistlərin, siyasətçilərin efir və sosial şəbəkələr vasitəsilə tamaşaçılara çatdırdığı rəydən fərqlənən mövqeyi ola bilər və onu ifadə etmək həmin şəxsin hüququdur.

Məşhur uşaq mahnısının motivləri əsasında yazılmış musiqi nömrəsinin mətnində heç bir təhqir, yalan məlumat, aqressiya təzahürləri yoxdur.

Bu musiqi nömrəsi günün mövzusuna satira kimi hazırlanıb. Müəlliflər mahnının köməyi ilə ifadə etmək istəyiblər ki, ölkəmizdə böyükdən-kiçiyə hər kəs prezident Makronun Azərbaycan cəmiyyəti üçün həssas bir mövzuda qərəzli mövqe tutmasından xəbərdardır. Təəssüflər olsun ki, bu musiqi nömrəsinə görə cəmiyyətimizin müəyyən hissəsi xoşagəlməz emosiyalar yaşayıb. Fikirləriniz üçün bir daha təşəkkür edirik, lakin eyni zamanda, bir daha qeyd etmək istərdik ki, biz məhz bu verilişin formatına uyğun olaraq, yuxarıda qeyd olunan musiqi nömrəsində uşaq xorunun iştirakını yersiz hesab etmirik”.

Gununsesi.info