İyulda hava iqlim normasından yuxarı olub

2026-cı ilin iyul ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 27 gün normadan yuxarı (0–6 dərəcə), 2 gün normadan aşağı, 2 gün isə norma daxilində olub.

Gununsesi.info xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.

Onun sözlərinə görə, orta aylıq temperatur 28 dərəcə isti olub ki, bu da iqlim normasından 1 dərəcə yuxarıdır.

Gülnarə Abbasova qeyd edib ki, Bakı və Abşeron yarımadasında iyul ayında maksimal temperatur iyulun 26-da 40 dərəcə isti (Sumqayıt), bölgələrdə isə həmin gün 41 dərəcə isti (Ordubad) qeydə alınıb: “Havanın minimal temperaturu Bakı və Abşeron yarımadasında iyulun 3 və 9-da 20 dərəcə isti (Maştağa və Sumqayıt), yüksək dağlıq ərazilərdə isə iyulun 2-də 4 dərəcə isti (Şahdağ) olub. İyul ayının bəzi günlərində hava şəraiti fasilələrlə yağıntılı keçib, şimşək çaxıb, dolu düşüb. Bəzi yerlərdə yağıntılar intensiv və güclü olub. Ən çox yağıntı bölgələr üzrə aylıq normanın 324 faizi olmaqla Balakən-Şəki zonasına (Balakən – 250 mm), aylıq normanın 236 faizi olmaqla Mərkəzi Aran zonasına (Mingəçevir – 47 mm), aylıq normanın 144 faizi olmaqla Lənkəran-Astara zonasına (Lənkəran – 20 mm) və aylıq normanın 125 faizi olmaqla Bakı və Abşeron yarımadasına (Bakı – 3 mm) düşüb”.

Gülnarə Abbasova vurğulayıb ki, iyul ayı ərzində Laçın rayonunun Şəlvə, Qovuşuq və Vəlibəyli kəndlərində, Şuşa şəhərində və Kəlbəcər rayonunun İstisu qəsəbəsində dolu müşahidə olunub. Ən iri dolu Kəlbəcər rayonunun İstisu qəsəbəsində qeydə alınıb və diametri 8–12 mm təşkil edib: “İyul ayının bəzi günlərində küləkli hava şəraiti ilə əlaqədar 10 sarı və narıncı xəbərdarlıq verilib. Bakı və Abşeron yarımadasında 9 gün, bölgələrdə isə 21 gün küləkli hava şəraiti müşahidə olunub. Küləyin maksimal sürəti iyulun 27-də Bakı və Abşeron yarımadasında 28 m/s, bölgələrdə isə 23 m/s-ə çatıb”.

 

 

Gununsesi.info