Xaricdən avtomobil ehtiyat hissəsi sifariş edən vətəndaş bağlamasının zədələnmiş vəziyyətdə çatdırıldığını bildirərək daşıma şirkəti Koliplus-a müraciət edib.
Gununsesi.info xəbər verir ki, müştərinin sözlərinə görə, şirkətin cavabı onu qane etməyib və məsuliyyətin araşdırılmadan üzərindən atıldığını düşünür.
Müştərinin paylaşdığı məlumata əsasən, Koliplus cavabında məhsulun satıcı tərəfindən düzgün qablaşdırılmadığını, üzərində “Fragile” (kövrək) etiketi olmadığını və əlavə qoruma xidməti alınmadığını əsas gətirərək məsuliyyət daşımadığını bildirib.
Lakin eyni cavabda şirkət bağlamanın hansı mərhələdə zədələndiyinin müəyyən edilməsinin mümkün olmadığını da qeyd edib.
Müştərinin paylaşdığı cavabda belə deyilir:
“Bağlamalar anbarımıza kuryerlə gəlir. Hətta toplu sifarişlərlə birlikdə. Nə məlumdur ki, sizə bu bağlamanı çatdıran kuryer yolda zədələməyib?”
Müştəri hesab edir ki, əgər bağlamanın zədələnmə mərhələsi dəqiq müəyyən edilə bilmirsə, məsuliyyətin yalnız satıcının və ya alıcının üzərinə qoyulması əsaslandırılmış görünmür.
Onun fikrincə, bağlama anbara qəbul edildikdən sonra, çeşidlənmə, yükləmə və ya beynəlxalq daşınma zamanı da zədələnmiş ola bilər və bu ehtimallar araşdırılmalıdır.
Paylaşım müəllifi vurğulayır ki, daşıma xidməti üçün ödəniş edən müştərinin gözləntisi bağlamanın təhlükəsiz şəkildə çatdırılması və problem yarandıqda obyektiv araşdırmanın aparılmasıdır. O, Koliplus-u məsələyə yenidən baxmağa, hadisəni araşdırmağa və müştərilərə daha şəffaf yanaşmağa çağırıb.
Qeyd edək ki, məsələ ilə bağlı Koliplus-un mövqeyi müştərinin paylaşdığı cavab əsasında təqdim olunur. Şirkətin əlavə açıqlaması olduğu təqdirdə, materiala əlavə edilə bilər.

Elmar
Gununsesi.info











