Məcburi köçkünlərin binası ortadan ikiyə ayrılır? - AÇIQLAMA + VİDEO

“Qobu Park” yaşayış kompleksində bina ortadan çatlayıb.

Bu barədə Oxu.Az-a ərazidə yaşayan sakinlər tərəfindən məlumat verilib.

“Qobu Park-2” yaşayış kompleksində yaşayan sakinlər iddia edirlər ki, binada yaranan irihəcmli çatların qarşısını almaq üçün heç bir tədbir görülmür:

“Söhbət 17 nömrəli binadan gedir. Bina tən ortadan ikiyə ayrılmaq üzrədir. Sakinlər qorxudan evlərində rahat otura bilmirlər. Məsələ ilə bağlı komendanta, aidiyyəti qurumlara məlumat verilsə də, problemin həlli üçün heç bir addım atılmır”.

Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinə müraciət etdik. Qurumun mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev Oxu.Az-a açıqlamasında bildirib ki, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin mütəxəssisləri aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birlikdə “Qobu Park-2” yaşayış kompleksindəki 17 nömrəli binaya baxış keçiriblər:

“Aparılan araşdırma nəticəsində yaşayış üçün binada heç bir təhlükə olmadığı müəyyən olunub və bu barədə sakinlərə məlumat verilib. Dövlət Komitəsinin sədri və Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı noyabrın 2-də “Qobu Park-2” yaşayış kompleksində olub, sakinlərlə görüşüblər. Aidiyyəti qurumlar tərəfindən verilən rəyə əsasən, onlara bir daha izah edilib ki, yaşayış üçün tam yararlı vəziyyətdə olan binada qəza təhlükəsi yoxdur, müşahidə edilən və müəyyən narahatlıq doğuran halın aradan qaldırılması üçün isə zəruri təmir işləri binanı inşa edən şirkət tərəfindən aparılıb. Hazırda əlavə təmir işləri davam etdirilir”.

Gununsesi.info