Münaqişə tərəflərinin üz tutduğu dövlət: Azərbaycan vasitəçilik üçün uyğun məkana çevrilib

Aprelin 25-də Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfər edib.

Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski arasında təkbətək görüş keçirilib.

Hər iki prezident mətbuata bəyanatlarla çıxış ediblər.

Bəyanatda bildirilib ki, Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyev arasında 6 sənəd imzalanıb.

“Müdafiə sənayesinə gəldikdə, təhlükəsizlik elə bir sahədir ki, burada çox dərin əməkdaşlıq qura bilərik. Biz bu məqsədə nail olmaq üçün çox çalışmalıyıq.

Bizim üçtərəfli və digər formatda danışıqlarımız oldu. Onlardan bəziləri Türkiyədə baş tutdu, daha sonra isə amerikalı tərəfdaşlarımızla Cenevrədə görüşdük. Əgər Rusiya tərəfi də bu diplomatiyanı seçərsə, danışıqlarımızı, həmçinin istərdik ki, Azərbaycanda aparaq”, – deyə Ukrayna Prezidenti vurğulayıb.

Prezident İlham Əliyev qeyd edib ki, həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir və burada birgə istehsalla, ümumiyyətlə, sənaye sahəsində birgə istehsal ilə bağlı çox gözəl imkanlar var.

Daha sonra Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya tərəfi razılaşarsa, danışıqlar mərhələsinin Azərbaycanda keçirilməsinə hazırdır.

“Biz Azərbaycan Prezidentinə bildirdik ki, üçtərəfli danışıqlara hazırıq. Belə danışıqlar Türkiyədə olub. Sonradan amerikalı tərəfdaşların iştirakı ilə İsveçrədə danışıqlar baş tutub. Təbii ki, biz Rusiyanın diplomatiyaya hazır olacağı təqdirdə yaxın zamanlarda belə danışıqların Azərbaycanda keçirilməsinə hazırıq”, – o qeyd edib.

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan Milli Məclisin deputatı Tural Gəncəliyev qeyd edib ki, antaqonist mövqedə dayanan, qarşıdurma və müharibə vəziyyətində olan tərəflər Azərbaycanla münasibətlərini saxlayırlar:

“Bu da Azərbaycanın Yaxın Şərqdə baş verən qarşıdurmalara münasibətində özünü göstərir. İstər İran–ABŞ–İsrail gərginliyi olsun, istər Rusiya–Ukrayna müharibəsi olsun.

Yəni Azərbaycan həm də vasitəçilik üçün uyğun bir məkan kimi müxtəlif qarşıdurma tərəflərinin görüşə və mövcud problemlərin müzakirəsinə imkan tapa bildiyi bir yerə çevrilmişdir. Ukrayna prezidentinin Qəbələyə səfəri və Prezidentlə görüşündə səsləndirdiyi fikirlər də buna işarə edir. Çünki Azərbaycan təxminən 50 milyon dollar həcmində Ukraynanın enerji təminatı və insani ehtiyaclarının ödənilməsi üçün yardım göstərmişdir. Xüsusilə sərt qış dövründə əhalinin çətinlik çəkdiyi vaxtlarda bu dəstək davam etdirilmişdir”.

Tural Gəncəliyev əlavə edib ki, Azərbaycan təkcə Ukrayna ilə deyil, digər qonşu ölkələrlə də — istər Gürcüstan, istər Ermənistan olsun  insani siyasətini və xoşməramlı addımlarını yüksək səviyyədə həyata keçirmişdir:

“Bu yanaşma ölkənin qonşularla münasibətlərdə faydacı, qurucu və xoş qonşuluq prinsipinə əsaslanan mövqeyindən irəli gəlir”.

Gununsesi.info-ya danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov qeyd edib  ki, Volodimir Zelenskinin Azərbaycana üz tutması və Azərbaycanın danışıqlar platforması kimi təklif olunması onu göstərir ki, artıq Azərbaycan təkcə regional deyil, qlobal məsələlərdə də diqqət mərkəzindədir.

O əlavə edib ki, Azərbaycan dövlətinin və onun rəhbərinin sülh istiqamətində atdığı addımlar və əldə etdiyi nəticələr bunu deməyə əsas verir:

“Volodimir Zelenskinin Azərbaycana səfəri baş tutub. Bundan əvvəl o, Yaxın Şərqə səfər etmişdi. Bu gün Ukraynanın vəziyyəti hamıya məlumdur. Rusiya ilə Ukrayna arasında müharibə artıq beşinci ildir davam edir.

Hazırda dünya dövlətlərinin bir qismi baş verən proseslər səbəbindən bu problemi arxa plana keçirmək məcburiyyətində qalır, digər qismi isə onun öhdəsindən gələ bilmir. Danışıqlar prosesi demək olar ki, iflic vəziyyətə düşüb və dalana dirənib. Müharibə başladıqdan sonra Türkiyənin bu istiqamətdə müəyyən səyləri oldu və bəzi nəticələr əldə edildi.

Lakin Avropadan olan bəzi dövlətlər bu prosesin qarşısını aldı və açıq şəkildə bəyan etdilər ki, onlar müharibədə maraqlıdırlar”. 

Politoloq fikirlərinə belə davam edib.

“Azərbaycan dövləti bundan əvvəl Yaxın Şərqdə, xüsusilə Qəzza ilə bağlı sülh formatında iştirak edib. Sülh təşəbbüslərinin irəli sürülməsində Azərbaycanın rolu qeyd olunub. İlham Əliyev də bu istiqamətdə keçirilən görüşlərdə iştirak edib.

Eyni zamanda, Azərbaycanın həm şimalında, həm cənubunda müharibələrin getdiyi bir dövrdə Cənubi Qafqazda sülhün, sabitliyin və təhlükəsizliyin qorunması, münaqişələrin region sərhədlərini aşmaması ölkənin həyata keçirdiyi siyasətin nəticəsi kimi qiymətləndirilir. Bu da Azərbaycana olan diqqəti və marağı artırır.

Hesab olunur ki, əgər bir dövlət mürəkkəb bir münaqişənin həllinə nail olubsa və bundan sonra regionda sülhün təmin edilməsi istiqamətində ciddi addımlar atıbsa, onun təcrübəsindən istifadə etmək istəyi təbii və gözləniləndir. Bu baxımdan Volodimir Zelenskinin Rusiya–Ukrayna münaqişəsinin həlli üçün Azərbaycanı danışıqlar platforması kimi irəli sürməsi həm Azərbaycana, həm də beynəlxalq ictimaiyyətə olan inamdan irəli gəlir.

Əgər həm Rusiya, həm də Ukrayna bu təşəbbüsü dəstəkləsə, Azərbaycan danışıqlar platforması kimi çıxış edə və öz təcrübəsi ilə prosesə töhfə verə bilər.

Gələcəkdə Rusiyanın bu məsələyə münasibətinin necə olacağı hələlik məlum deyil. Lakin tərəflər arasında dialoq üçün uyğun mərhələ yaranarsa, belə bir platformanın reallaşması mümkündür”,-deyə politoloq fikirlərini yekunlaşdırıb.

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info