Azərbaycanda nüvə təhlükəsi ilə bağlı yeni qayda təsdiqləndi - Nazirlər Kabineti

  • By Admin2
  • 10 Mart 2026 14:26

Nazirlər Kabineti nüvə və digər kütləvi qırğın silahının mümkün tətbiqi təhlükəsi ilə əlaqədar həyata keçiriləcək profilaktika və təhlükəsizlik tədbirləri barədə əhalinin maarifləndirilməsi və məlumatlandırılması qaydasını təsdiqləyib.

Gununsesi.info xəbər verir ki, Nazirlər Kabinetindən verilən məlumata görə, qərar Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasına uyğun olaraq qəbul edilib və İlham Əliyevin 2025-ci il 15 oktyabr tarixli 744 nömrəli sərəncamının icrasını təmin etmək məqsədi daşıyır.

Qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qaydaya əsasən, nüvə və digər kütləvi qırğın silahının mümkün tətbiqi təhlükəsi ilə bağlı əhalinin hazırlıq səviyyəsinin artırılması məqsədilə maarifləndirmə tədbirləri həyata keçiriləcək. Bu çərçivədə vətəndaşlara fərdi mühafizə və fərdi tibbi mühafizə vasitələrindən istifadə qaydaları, eləcə də təhlükə zamanı düzgün davranış üsulları öyrədiləcək.

Maarifləndirmə tədbirləri mütəxəssislərin iştirakı ilə keçirilən mühazirə, seminar və konfranslar, dövri nəşrlər, yaddaş kitabçaları və broşürlərin hazırlanması, səyyar sərgilərin təşkili, eləcə də plakat və digər əyani vəsaitlərin yerləşdirilməsi yolu ilə həyata keçiriləcək.

Bununla yanaşı, fövqəladə hallarla bağlı təlim və əməliyyatları əks etdirən foto və video materialların nümayişi, həmçinin mövzuya dair videoçarx və proqramların hazırlanaraq media vasitəsilə yayımlanması da nəzərdə tutulur.

Sənədə görə, nüvə və digər kütləvi qırğın silahının tətbiqi təhlükəsi yarandığı halda əhali media və telekommunikasiya vasitələri ilə dərhal məlumatlandırılacaq. Vətəndaşlara təhlükənin növü, təsirə məruz qalan ərazilər, ilkin davranış qaydaları, mülki müdafiə sığınacaqlarının yerləşdiyi yerlər, təhlükəsiz və təxliyə marşrutları, toplanış məntəqələri, tibbi və psixoloji yardım məntəqələri barədə məlumat veriləcək.

Həmçinin baş vermiş hadisələrin nəticələri və onların aradan qaldırılması istiqamətində görülən tədbirlər barədə əhaliyə mütəmadi olaraq tam və obyektiv məlumat təqdim ediləcək.

Gununsesi.info