Ombudsman insan hüquqları üzrə yeni Milli Fəaliyyət Proqramının hazırlanmasını təklif edib

  • By Admin2
  • 03 Mart 2026 12:48

Ombudsman il ərzində ona ünvanlanmış müraciətlərin araşdırılması, milli preventiv və müstəqil monitorinq mexanizmi fəaliyyətləri çərçivəsində həyata keçirilən başçəkmələr və monitorinqlər, aparılan müşahidələr, qanunvericiliyin, habelə mediada və sosial şəbəkələrdə dərc edilən məlumatların təhlili nəticəsində, habelə sosial dövlət prinsiplərindən irəli gələrək insan hüquq və azadlıqlarının daha effektiv təmini və müdafiəsi, normativ hüquqi bazanın təkmilləşdirilməsi, müsbət təcrübələrin tətbiqi, institusional koordinasiyanın gücləndirilməsi və dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılması məqsədilə təkliflər edib.

Gununsesi.info xəbər verir ki, təkliflərə bir sıra məsələlər daxildir.

Belə ki , insan hüquq və azadlıqlarının təmini, müdafiəsi və təşviqi sahəsində həyata keçirilmiş islahatların məntiqi davamı olaraq müasir çağırışlara, yeni dövrün tələblərinə və mövcud prioritetlərə uyğun, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi, cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın, hüquq müdafiə sisteminin və idarəetmənin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi, bu istiqamətdə beynəlxalq və regional əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə növbəti illər üçün insan hüquqları sahəsində Milli Fəaliyyət Proqramının hazırlanıb qəbul olunması prioritet məsələlərdəndir.

Bundan başqa, ölkəmizdə biznesin inkişafı istiqamətində həyata keçirilən islahatları, bu sahədə qəbul edilən proqram, plan və strategiyaları, BMT-nin “Biznes və insan hüquqları üzrə rəhbər prinsiplər”ini və “Biznes və insan hüquqları üzrə Milli Fəaliyyət Proqramlarına dair Təlimat”ını, eləcə də bu sahədə xarici ölkələrin müsbət təcrübəsini nəzərə alaraq, biznes fəaliyyətinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının təmini, korporativ sosial məsuliyyətin təbliği və tətbiqi ilə sahibkarların ölkənin sosial iqtisadi həyatında daha fəal iştirakına şərait yaratmaq, bu sahədə aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirilməsinə nail olmaq məqsədilə “Biznes və insan hüquqları üzrə Dövlət Proqramı”nın hazırlanıb qəbul olunması da təkliflərə daxildir.

Orxan

Gununsesi.info