Vətəndaş Hüquqları İnstitutunun həbsdə olan rəhbəri Bəşir Süleymanlıya saxlanıldığı Bakı İstintaq Təcridxanasında təzyiqlər edildiyi bildirilir.
Gununsesi.info -nun məlumatına görə, onun saxlanıldığı kameraya yeni bir məhkum salınıb.
“Həmin məhkumun davranışları normal deyil, psixi problemləri olduğu güman edilir və həmin şəxs müxtəlif dərmanlar qəbul edir. Bəşir Süleymanlı həmin məhkumun məqsədli şəkildə və ona təzyiq üçün onun saxlandığı kameraya gətirildiyini və hər an təxribatla üzləşə biləcəyini ehtimal edir. Təzyiqlərin səbəbi isə onun ictimai fəaliyyətinə görə həbs edilməsi və siyasi məhbus olmasıdır”, – yaxınları bildirir.
Vətəndaş cəmiyyəti üzvünün yaxınları ilə zənglərinə də məhdudiyyət qoyulduğu bildirilir. Martın 22-də B.Süleymanlının zəng günü olsa da, yaxınları ona bu şəraitin yaradılmadığını deyir.
B.Süleymanlı təzyiqlərə və ehtimal etdiyi təxribatlara görə ölkə ictimaiyyətinə, ombudsmana, Avropa İttifaqının Bakı nümayəndəliyinə, xarici ölkələrin Bakıdakı səfirliklərinə müraciət edərək məsələni diqqətdə saxlamağı xahiş edib.
Bəşir Süleymanlı ötən ilin martında saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.












