Sosial şəbəkədə bəzi ictimai paylaşımların narazılıq yaratdığı da olur.
Məsələn, öz yaxınlarını qəbirstanlıqda ziyarət edən şəxslərin etdiyi çəkilişlər müzakirələr səbəb ola bilir.
Maraqlıdır, qəbiristanlıqda çəkilmiş videoların sosial şəbəkələrdə paylaşılması hüquqi problem yarada bilərmi?
Bu barədə Gununsesi.info -ya hüquqşünas Şamil Paşayev danışıb.

O bildirib ki, bu məsələ müəyyən hallarda yarada bilər:
“Qəbiristanlıqlar ictimai məkan hesab olunsa da, orada dəfn edilmiş şəxslərin xatirəsinə və onların yaxınlarının mənəvi hisslərinə hörmət hüququ mövcuddur. Əgər paylaşılmış videoda mərhumun məzarı, dəfn mərasimi və ya yas iştirakçıları onların razılığı olmadan nümayiş etdirilirsə, bu, narazılıq və hüquqi mübahisə doğura bilər. Xüsusilə insanların kədərli anlarının sensasiya və ya əyləncə məqsədilə yayılması şəxsi qeyri-əmlak hüquqlarının pozulması kimi qiymətləndirilə bilər. Bəzi hallarda videoda görünən şəxslərin görüntü hüquqları da pozula bilər. Əgər çəkiliş tarixi və ya ictimai əhəmiyyət daşıyan hadisə ilə bağlı deyilsə, məhkəmə paylaşımın ictimai marağa xidmət edib-etmədiyini ayrıca qiymətləndirə bilər. Buna görə qəbiristanlıqda çəkilmiş videoların paylaşılması avtomatik olaraq qanunsuz sayılmasa da, konkret şəraitdən asılı olaraq hüquqi məsuliyyət yarada bilər”,- deyə o qeyd edib.
Orxan












