Son günlər Azərbaycanda bir gəncin itkisi ilə nəticələn faciə baş verdi. Bu hadisənin niyə baş verməsi ilə bağlı suallar yarandı, yaranan suallara cavablar arandı. Bir işə yarayacaq deyə düşüncələrimi yazıb paylaşmaq qərarına gəldim.
Bu suala adətən verilən ilk cavab belə olur: insan böyüdükcə doğru qərar verməyi öyrənir. Lakin yaşın artması ilə qərarvermə bacarığının artması eyni şey deyil. Bəzən iyirmi yaşına çatmış insan da emosiyasının təsiri ilə bir anda qərar verir, alternativləri düşünmür, nəticələri hesablamaq istəmir. Bəzən isə daha kiçik yaşda olan uşaq sadə bir məsələdə dayanıb fikirləşə, iki variantı müqayisə edə və seçiminin nəticəsini anlaya bilir.
Deməli, doğru qərar vermək yalnız yaş məsələsi deyil. Bu, tədricən pianino çalmağı öyrənmək kimi öyrənilən bir bacarıqdır. İnsan düşünməyi, gözləməyi, emosiyasını idarə etməyi, nəticələri qabaqcadan görməyi, səhvdən nəticə çıxarmağı və ən əsası, qərarının məsuliyyətini daşımağı öyrəndikcə daha sağlam seçimlər etməyə başlayır.
Burada “doğru qərar” anlayışını da düzgün başa düşmək lazımdır. Doğru qərar hər dəfə istənilən nəticəni verən seçim demək deyil. Həyatda bütün məlumatları bilmək, gələcəyi tam görmək mümkün deyil. Doğru qərar daha çox insanın mövcud məlumatları, öz dəyərləri və ehtimal olunan nəticələr əsasında düşünərək verdiyi qərardır. Bəzən belə qərar da uğursuz nəticələnə bilər. Amma fərq ondadır ki, insan niyə o seçimi etdiyini bilir və səhv olduqda məsuliyyəti başqasının üzərinə atmır.
Uşaqlarımızın bu bacarığı daha tez qazanması üçün ilk növbədə bir həqiqəti qəbul etməliyik: onların yerinə hər qərarı biz verəndə, əslində onları qorumuş olmuruq; çox vaxt qərarvermə təcrübəsindən məhrum edirik. Uşağın həyatını tam nəzarətdə saxlamaq qısa müddətdə rahat görünə bilər. Valideyn bilir nə yemək, nə geyinmək, hansı dərsə getmək, kimlə dostluq etmək lazımdır. Lakin hər şeyi böyüklərin seçdiyi bir mühitdə böyüyən uşaq sonradan öz qərarını verməli olanda ya tərəddüd edir, ya da ilk təsir edən insanın fikrinə tabe olur.
Uşağa azadlıq vermək isə onu tamamilə nəzarətsiz buraxmaq demək deyil. Sağlam tərbiyə iki şeyi bir yerdə tələb edir: aydın sərhəd və yaşa uyğun seçim imkanı. Uşaq bilməlidir ki, ailədə qaydalar var; təhlükəsizlik, hörmət və məsuliyyət kimi prinsiplər müzakirə mövzusu deyil. Amma həmin sərhədlərin içində onun öz seçimini etməsinə yer qalmalıdır.
Psixologiyada Edvard Desi və Riçard Rayanın özünü müəyyənləşdirmə nəzəriyyəsi bu məsələyə aydınlıq gətirir. Uşaq özünü sadəcə göstəriş yerinə yetirən biri kimi deyil, seçim edə bilən və qərarının nəticəsinə təsir göstərə bilən şəxs kimi hiss etməlidir. Bununla yanaşı, özünü güvəndə hiss etməsi üçün aydın qaydalara və böyüyün istiqamətinə də ehtiyacı var. Yəni valideyn nə uşağın həyatını tam idarə edən nəzarətçi, nə də onu tamamilə özbaşına buraxan müşahidəçi olmalıdır. Sağlam mövqe istiqamət göstərən, amma uşağın yerinə yaşamayan valideyn mövqeyidir.

Məsələn, kiçik yaşlarda uşağa “nə istəyirsən et” demək əvəzinə, iki uyğun seçim təqdim etmək daha faydalıdır: “Bu gün əvvəl dərsini oxuyacaqsan, yoxsa otağını yığışdıracaqsan?” “Mavi köynəyi geyinmək istəyirsən, yoxsa ağ köynəyi?” Bu seçimlər sadə görünür. Amma uşağın beynində vacib bir əlaqə yaradır: mənim seçimim var, seçimimin nəticəsi var və mən seçdiyim şeyə görə cavabdehəm.
Yaş artdıqca qərarların miqyası da böyüməlidir. Məktəb yaşında olan uşaq öz vaxtını qismən planlamağı, kiçik məbləğdə pulunu idarə etməyi, evdə müəyyən məsuliyyət daşımağı öyrənməlidir. Yeniyetməlik dövründə isə dost seçimi, dərs rejimi, maraq sahələri, gələcək ixtisas istiqaməti kimi məsələlərdə onun fikri sadəcə dinlənilməməli, həqiqətən nəzərə alınmalıdır. Valideynin vəzifəsi həmin qərarları onun yerinə vermək deyil; qərarın görünməyən tərəflərini birlikdə düşünməkdir.
Bunun üçün ailədə bir vərdiş formalaşdırmaq lazımdır: qərardan əvvəl sual vermək. “Səncə bu seçimin yaxşı tərəfi nədir?”, “Bunun çətin tərəfi nə ola bilər?”, “Başqa hansı variant var?”, “Bu alınmasa, nə edəcəksən?” Bu suallar uşağı sorğu-suala çəkmək üçün deyil, düşünməyə alışdırmaq üçündür. Uşaq zamanla anlayır ki, qərar təkcə istəkdən ibarət deyil. Qərar həm də nəticə, risk, alternativ və məsuliyyətdir.
Tarixdən tanınmış bir nümunə bu “dayanıb düşünmək” vərdişinin nə qədər vacib olduğunu göstərir. ABŞ prezidenti Abraham Lincoln 1863-cü ildə Gettisberq döyüşündən sonra general Corc Midə sərt məzmunlu bir məktub yazmışdı. Lincoln generalın məğlub tərəfi vaxtında təqib etmədiyini düşünürdü. Ancaq həmin məktubu göndərmədi. Bu hadisə uşağa veriləcək sadə, amma vacib bir dərsi xatırladır: insanın ilk ağlına gələn fikir və ya ilk emosional reaksiyası həmişə ən doğru qərar olmur. Bəzən cavab verməzdən, söz deməzdən və ya hökm çıxarmazdan əvvəl bir qədər dayanmaq lazımdır. Uşağa da “indi əsəbisən, qərarını sabaha saxla”, “bir az sakitləş, sonra yenidən düşün” deməyi öyrətmək bu baxımdan çox dəyərlidir.
Valideynlərin ən çox etdiyi səhvlərdən biri uşağın hər yanlış qərarını dərhal düzəltməkdir. Uşaq tapşırığını vaxtında etmədisə, onun yerinə valideyn gecə oturub işi tamamlayır. Uşaq pulunu lazımsız şeyə xərclədisə, dərhal yenisi verilir. Uşaq verdiyi sözü tutmadısa, nəticəsini yenə böyüklər aradan qaldırır. Belə olduqda uşaq səhvin ağrısını yox, yalnız xilas edilməyin rahatlığını öyrənir.
Əlbəttə, uşağı səhvə buraxmaq onu təhlükəyə atmaq demək deyil. Təhlükəsizlik, sağlamlıq, zorakılıq, ciddi maliyyə və ya hüquqi nəticə doğuran məsələlərdə böyüklərin məsuliyyəti qalır. Lakin gündəlik həyatda baş verən kiçik səhvlər uşağın təcrübə məktəbidir. Çantasını hazırlamağı unutduqda, ertəsi gün çətinlik çəkdiyini görməlidir. Vaxtını düzgün bölmədikdə, sevdiyi fəaliyyətə vaxt qalmadığını anlamalıdır. Söz verib yerinə yetirmədikdə, etimadın azaldığını hiss etməlidir. Bu nəticələr cəza və alçaltma formasında deyil, təbii və məntiqli nəticə formasında yaşanmalıdır.

Ən təhlükəli tərbiyə üsullarından biri də uşağın səhvini onun xarakterinə bağlamaqdır. “Sən məsuliyyətsizsən”, “Səndən heç nə olmaz”, “Sən düşünməyi bacarmırsan” kimi sözlər uşağın davranışını düzəltmir; onun özünə dair mənfi təsəvvürünü gücləndirir. Davranışla şəxsiyyəti ayırmaq lazımdır. “Bu qərarın nəticəsini yaxşı hesablamadın” demək başqa şeydir, “Sən ağılsızsan” demək başqa. Birinci cümlə uşağa inkişaf yolu göstərir, ikinci cümlə isə onu müdafiəyə və qorxuya aparır.
Psixoloq Albert Banduranın sosial öyrənmə nəzəriyyəsi də burada mühüm bir həqiqəti xatırladır: uşaqlar yalnız onlara deyilən sözlərdən deyil, böyüklərin davranışlarını müşahidə etməklə də öyrənirlər. Valideyn uşağa “emosiyaya qapılıb qərar vermə” deyib, özü hər əsəbləşəndə tələsik danışırsa, uşaq nəsihətdən çox gördüyü davranışı mənimsəyəcək. Buna görə valideyn bəzən öz qərarvermə prosesini uşağın yanında səsləndirməlidir: “Mən indi əsəbiyəm, ona görə dərhal cavab verməyəcəyəm”, “Əvvəl məlumatları dəqiqləşdirim, sonra qərar verim”, “Bu seçimin həm yaxşı, həm də çətin tərəfləri var.”
Benjamin Franklinin həyatında da özünü müşahidə və davranışı qiymətləndirmə vərdişinin maraqlı nümunəsi var. Franklin inkişaf etdirmək istədiyi xüsusiyyətləri müəyyənləşdirir, gündəlik davranışlarını izləyir və səhvlərini qeyd edirdi. Uşaq üçün bunun daha sadə forması yaradıla bilər. Günün sonunda ona üç qısa sual vermək kifayətdir: “Bu gün hansı qərarı verdin?”, “Nəticəsi necə oldu?”, “Sabah nəyi fərqli edərdin?” Bu sadə düşüncə vərdişi uşağa qərarlarını kənardan görməyi, səhvi yalnız uğursuzluq kimi deyil, öyrənmək imkanı kimi qəbul etməyi öyrədə bilər.
Qərarvermə bacarığının inkişafında ailə qədər məktəbin də rolu var. Məktəb yalnız düzgün cavabı tapmağı öyrətməməlidir. Uşaq “niyə belə düşündün?”, “başqa həll yolu mümkündürmü?”, “bu fikrin nəticəsi nə ola bilər?” kimi suallarla qarşılaşmalıdır. Mübahisə etməyi, fikrini əsaslandırmağı, başqasının arqumentini dinləməyi, qrup içində məsuliyyət daşımağı öyrənən uşaq daha yetkin qərarvermə vərdişi qazanır.
Bütün bunlar ölkədən ölkəyə, ailədən ailəyə, mədəniyyətdən mədəniyyətə eyni formada görünməyə bilər. Bəzi cəmiyyətlərdə fərdi seçim daha erkən vurğulanır, bəzilərində ailə ilə məsləhətləşmək və kollektiv məsuliyyət daha güclüdür. Lakin ortaq prinsip dəyişmir: uşaq həm dəyərli və eşidilən bir şəxs olduğunu hiss etməli, həm də qərarlarının nəticəsi olduğunu öyrənməlidir. Müstəqillik ailədən uzaqlaşmaq deyil; ailənin verdiyi mənəvi və düşüncə dayaqları ilə öz ayaqları üzərində dayanmağı bacarmaqdır.
Uşaqlarımıza hər şeyi hazır vermək asandır. Onların yerinə düşünmək, seçmək, danışmaq, düzəltmək də asandır. Çətin olan isə onlara tədricən məsuliyyət vermək, səhv edəndə yanında qalmaq, amma səhvin nəticəsini tamamilə onların əlindən almamaqdır. Lakin gələcəkdə öz qərarını verə bilən, emosiyaya təslim olmayan, başqasının təsiri ilə istiqamətini dəyişməyən, səhvini qəbul edib düzəltməyi bacaran insan yetişdirmək istəyiriksə, bu çətin yolu seçməliyik.
Uşağa veriləcək ən böyük hədiyyə hər problemini həll etmək deyil. Ən böyük hədiyyə ona problemlə üzləşəndə dayanmağı, düşünməyi, alternativləri görməyi, seçməyi və seçiminin arxasında durmağı öyrətməkdir.
Xaləddin İbrahimli,
Professor










