“ATƏT mandatına uyğun olaraq regional təhlükəsizliyə töhfəsini müəyyən etməlidir”

“Əgər ATƏT sadalanan istiqamətlər üzrə ciddi nəticələrin əldə olunmasında iştirak etmək istəyirsə, ilk növbədə öz mandatından çıxış edərək regional təhlükəsizliyə hansı töhfəni verə biləcəyini müəyyənləşdirməlidir”.

Bu fikirləri Gununsesi.info -ya açıqamasında deputat Azər Allahverənov deyib:

“Bunun üçün siyasi dialoq davam etdirilməli, danışıqlar aparılmalı və konkret prioritet istiqamətlər müəyyən olunmalıdır. Nəticədə yeni sədrin fəaliyyəti dövründə ATƏT-in siyasi fəaliyyət çərçivələri tam aydınlaşmalıdır ki, qurum hansı istiqamətlər üzrə əməkdaşlıq etmək niyyətindədir. Burada diqqət çəkən əsas məqam isə ATƏT-in şərq istiqamətinə yönələn xarici siyasət kursudur. Əgər təşkilat Mərkəzi Asiyada da mövqelərini gücləndirmək niyyətindədirsə, biz bunun ayrı-ayrı istiqamətlərdə artıq müşahidə olunduğunu görürük. Xüsusilə ATƏT-in müxtəlif struktur bölmələri və komitələri fəaliyyət göstərir. Həmin komitələrin fəaliyyəti həm Cənubi Qafqazı, həm də Mərkəzi Asiya respublikalarını əhatə edir. Bu isə göstərir ki, ATƏT xarici siyasətində Cənubi Qafqaz üzərindən Mərkəzi Asiyaya və daha şərqə doğru uzanan geniş geosiyasi məkanı əhatə etməyə çalışır. Hazırkı səfər də məhz bununla bağlıdır.

Nəzərə alsaq ki, Cənubi Qafqazın üç dövləti arasında münasibətlər fərqli xüsusiyyətlərə malikdir. Məsələn, Ermənistan-Gürcüstan və Gürcüstan-Azərbaycan münasibətləri həm iqtisadi, həm də siyasi baxımdan bir-birindən fərqlənir. Bununla belə, Cənubi Qafqazın aparıcı dövləti məhz Azərbaycandır. Çünki Azərbaycan irəli sürdüyü inteqrasiya layihələri vasitəsilə regionun dayanıqlığını təmin edir. Bu isə həm Gürcüstan, həm də Ermənistan üçün yeni imkanlar yaradır. Lakin bu imkanlar formalaşarkən ATƏT-in hansı mövqedə dayanacağı ayrıca mühüm məsələdir.

Bu məsələ xüsusilə ona görə əhəmiyyətlidir ki, son iki ildə Avropa İttifaqı ilə Gürcüstan arasında münasibətlər əvvəlki səviyyədə deyil. Bu müddətdə münasibətlərdə müəyyən soyuqluq müşahidə olunur və bəzi hallarda Avropa İttifaqında Gürcüstanla bağlı kifayət qədər sərt tənqidi fikirlər səsləndirilir. Bu da onu göstərir ki, Avropa İttifaqının Gürcüstana münasibətdə özünəməxsus yanaşması var. Lakin Avropa Komissiyasının siyasətinə baxdıqda fərqli mənzərə görürük. Əgər Avropa İttifaqı daha çox siyasi dialoq və siyasi alətlər vasitəsilə münasibətlər qurmağa, lazım gəldikdə Gürcüstana müəyyən təzyiq göstərməyə üstünlük verirsə, Avropa Komissiyasının fəaliyyətində iqtisadi əməkdaşlığın daha geniş yer tutduğu müşahidə olunur”.

 

 

Şəbnəm

Gununsesi.info