Rusiya Prezidenti Vladimir Putin ölkəni tərk etmiş xarici şirkətlərin əvvəlki aktivlərini geri alma imkanlarını məhdudlaşdıran qanunu imzalayıb.
Gununsesi.infoxəbər verir ki, yeni qaydalar 2022-ci il fevralın 24-dən sonra Rusiya bazarını tərk edən “dost olmayan” ölkələrin şirkətlərinə şamil edilir və onların geri alma hüququnun müəyyən hallarda məhkəmə qaydasında ləğvinə imkan verir.
Qanuna əsasən, yeni sahiblər və ya aidiyyəti dövlət qurumları xarici şirkətin Rusiyaya qarşı sanksiyaları dəstəklədiyini, onların tətbiqinə çağırış etdiyini, Rusiya Ali Məhkəməsinin nüfuzuna xələl gətirdiyini və ya müqavilə öhdəliklərini yerinə yetirmədiyini əsas gətirərək geri alma hüququnun ləğvini tələb edə biləcəklər. Bu isə o deməkdir ki, əvvəllər bağlanmış müqavilələrdə nəzərdə tutulan şərtlərin taleyi artıq yalnız tərəflərin razılığından deyil, məhkəmənin qərarından da asılı olacaq.
Qərarda xarici investorlar üçün kompensasiya alma imkanı saxlanılsa da, məhkəməyə həmin məbləği azaltmaq və ya ödənişdən tamamilə imtina etmək səlahiyyəti verilib. Bu, yeni qanunun xarici sərmayəçilər üçün hüquqi riskləri artırdığını göstərən əsas məqamlardan biridir.
Qeyd edək ki, Ukraynada münaqişənin başlanmasından sonra McDonald’s, Mercedes-Benz və yüzlərlə digər şirkət Rusiya bazarını tərk edib. Reuters-in hesablamasına görə, bu sövdələşmələrin təxminən beşdə birində aktivlərin sonradan geri alınması şərti yer alırdı. Yeni qanun isə məhz həmin mexanizmin gələcəkdə işləməsini sual altına qoyur.
Diqqət çəkən məqamlardan biri də budur ki, Kreml bir müddət əvvəl xarici şirkətlərin geri qayıtması ehtimalını istisna etmirdi. Lakin hökumət komissiyasına bu istiqamətdə indiyədək heç bir rəsmi müraciətin daxil olmadığı bildirilir.
Mütəxəssislər hesab edirlər ki, bu dəyişiklik gələcəkdə beynəlxalq mübahisələrə səbəb ola bilər.
Onu da qeyd edək ki, FTL Advisers şirkətinin məsləhətçisi Yekaterina Drozdovanın fikrincə, dövlətin müqavilələrdə nəzərdə tutulmuş geri alma hüququnu birtərəfli qaydada ləğv etməsi xarici investorların beynəlxalq investisiya arbitraj məhkəmələrinə müraciət etməsinə əsas yarada bilər.
Şəbnəm











