Hər şey bir yoxlama ilə başladı. On üç ay sonra 1551 tələbə oxuduğu universitetin qapısının bağlandığını öyrəndi. Akkreditasiya hesabatı bu müddətdə nələrin aşkarlandığını göstərir.
Komissiya gəlir
2025-ci ildə doqquz nəfərdən ibarət bir komissiya Nəsimi rayonundakı iki binaya — Mövsüm Sənani 14 və Murtuza Muxtarov 50 ünvanlarına — gəldi.
Komissiyaya Azərbaycan Dillər Universitetindən professor Sevdagül Əliyeva rəhbərlik edirdi. Tərkibdə ADPU, Sumqayıt Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Avrasiya Universiteti, ADA və Bakı Slavyan Universitetinin nümayəndələri vardı. Bir tələbə üzv və Aberdeen Universitetinin doktorantı da qrupa daxil idi.
Onların işi sadə görünürdü: universitetin sənədlərini oxumaq, binaları gəzmək, müəllim və tələbələrlə danışmaq, sonra 30 meyar üzrə qiymət vermək. Bu prosedur hər ali məktəbdə 5 ildən bir təkrarlanır.
Yoxlanılan universitet o vaxt belə görünürdü: 2 fakültə, 6 kafedra, bakalavriatda 9, magistraturada 2 ixtisas. 1488 bakalavr və 63 magistr. Ştatda 40 müəllim, əvəzçiliklə 54, saathesabı 13 nəfər. Təsisçi professor A.N.Rəhimov, rektor S.A.Rəhimova.
Sənədlərdən başladılar
İlk baxdıqları sənəd universitetin Strateji İnkişaf Planı oldu. Plan var idi — 2021-2025-ci illəri əhatə edirdi, Elmi Şurada təsdiqlənmişdi.
Sonra komissiya bir neçə şey fərq etdi. Plan universitetin saytında yox idi. Müsahibə etdikləri müəllimlərin çoxu onun məzmunundan xəbərsiz idi. Planın təsdiq olunduğu Elmi Şura iclasında tələbə iştirak etməmişdi. Planda ölçülə bilən göstəricilər yox idi — yalnız “gözlənilən nəticələr” yazılmışdı. İcrası isə heç vaxt monitorinq edilməmişdi.
Planda universitetin böyük hədəfi yazılmışdı: “dünyanın qadın universitetləri arasında tanınmaq”. Komissiya bu hədəf üzrə görülmüş bir iş tapa bilmədi.
Binaları gəzdilər
İki tədris binası var idi və otaqların sayı tələbələr üçün kifayət edirdi. Dərslər iki növbədə keçirildiyindən sıxlıq yox idi. Bu, hesabatda güclü tərəf kimi yazıldı.
Qalanı isə belə idi. Tədris otaqları dövlət standartlarına uyğun deyildi — işıqlandırma, mebel, kompüter təminatı baxımından. Auditoriyaların hamısında proyektor, kompüter və internet yox idi.
Yataqxana yox idi. Tələbələri daşımaq üçün avtobus yox idi. Yeməkxananın imkanları məhdud idi. Tibbi xidmət zəif idi.
Əlilliyi olan şəxslər üçün heç nə yox idi — nə pandus, nə lift, nə taktil cığır.
Kitabxanaya müraciət edənlərin sayı ildən-ilə artırdı, bu da güclü tərəf kimi qeyd olundu. Amma fondun özü zəif idi, xarici dildə kitab az idi, onlayn resurslara çıxış yox idi.
Dərslərə baxdılar
Kredit sistemində səhvlər tapdılar: kredit-saat yükü uyğun gəlmirdi, həftəlik saatlar bəzən normadan çox, bəzən az planlanmışdı, bəzi fənlər təkrarlanırdı.
Fənlərin ardıcıllığı yerində deyildi. Bəzi hallarda bir fənn üçün ilkin şərt sayılan fənn ondan sonrakı semestrdə tədris olunurdu.
Fərdi tədris planları əl yazısı ilə hazırlanırdı. MOODLE platforması var idi, amma ondan tam istifadə olunmurdu. Elektron jurnal yox idi. Sillabuslardakı ədəbiyyat siyahıları köhnə idi.
Seçmə fənlər formal olaraq mövcud idi, amma tələbənin real seçim sərbəstliyi təmin olunmurdu.
Sonra komissiya tələbələrlə bağlanan müqavilələri oxudu və orada qanunvericiliyə uyğun olmayan bəndlər tapdı — buraxılış imtahanı, təhsil haqqının artırılması və tələbənin universitetdən xaric edilməsi ilə bağlı.
Elmi işə çatanda
Burada mənzərə daha kəskin oldu.
Universitetin təsdiqlənmiş elmi tədqiqat strategiyası yox idi. Elmi işlər üçün ayrıca büdcə xətti yox idi. Bu sahəyə cavabdeh şöbə və prorektor da yox idi.
Universitetin heç bir beynəlxalq elmi bazaya abunəsi yox idi — nə Scopus, nə Web of Science, nə EBSCO. Yəni müəllim və tələbələr dünyada dərc olunan elmi ədəbiyyata çıxa bilmirdi.
Müəllimlərin məqalələrində universitetin adı çox vaxt qeyd olunmurdu.
Akademik dürüstlük siyasəti yazılı şəkildə mövcud deyildi. Magistr dissertasiyaları plagiata yoxlanılmırdı. Universitetin öz elmi jurnalı üçün də belə yoxlama nəzərdə tutulmamışdı.
Beynəlxalq əlaqələr: dörd meyar, dörd “yox”
Bu istiqamətdə komissiya demək olar ki, heç nə tapmadı.
Siyasət sənədi yox idi. Məsul şöbə yox idi. Məsul şəxs yox idi. Büdcədə vəsait yox idi.
Mübadilə proqramı yox idi. Əcnəbi tələbə yox idi. Xarici müəllim yox idi. İkili diplom proqramı yox idi.
Universitet iki xarici qurumla — Türkiyədən İKSAD və Aydın Adnan Menderes Universiteti ilə — əməkdaşlıq etdiyini bildirmişdi. Komissiya bunu təsdiqləyən sənəd istədi, sənəd verilmədi.
Pul haradan gəlirdi
Universitetin yeganə gəliri tələbələrin ödədiyi təhsil haqqı idi. Qrant yox idi, layihə yox idi, ianə yox idi.
Maraqlısı odur ki, universitet özü bunu bilirdi. Öz təhlilində bu asılılığı risk kimi yazmışdı. Amma inkişaf planında bu riski azaltmaq üçün heç bir hədəf qoymamışdı.
Hesabat və qərar
Komissiya işini bitirdi və 121 səhifəlik hesabat yazdı. Universitetə 107 tövsiyə verdi — ən çoxu, 28 tövsiyə, təlim və tədris üzrə idi.
Yekun cədvəl belə oldu: 30 meyardan 25-i “uyğun deyil”, 4-ü “qismən uyğun”. Yalnız bir meyar — tələbə qəbulu və əvvəlki təhsilin tanınması — tam uyğun sayıldı. “Əsasən uyğun” kateqoriyasına heç nə düşmədi.
10 iyul 2026. Akkreditasiya Şurası hesabatları müzakirə etdi və səsverməyə keçdi. Həm universitetin özü, həm də təhsil proqramları “uyğun deyil” qiymətini aldı. Şura BQU-nu akkreditasiya olunmuş saymamaq qərarına gəldi.
22 iyul. İqtisadiyyat Nazirliyi 88 nömrəli Sərəncamla universitetin lisenziyasını dayandırdı.
30 iyul. Səkkiz gün ərzində universitetdən pozuntuların aradan qaldırıldığına dair heç bir məlumat gəlmədi. Nazirlik 92 nömrəli Sərəncamı imzaladı — lisenziya ləğv olundu.
Bir məqamı dəqiqləşdirmək lazımdır: universitetin akkreditasiyası ləğv edilməyib. Ona akkreditasiya sadəcə verilməyib. Lisenziyanın ləğvi isə bundan sonra gələn addımdır.
İndi 1551 nəfər gözləyir
Elm və Təhsil Nazirliyi bildirib ki, tələbələr ixtisaslarına uyğun olaraq başqa ali məktəblərə köçürüləcək. Bu, Nazirlər Kabinetinin 2010-cu il tarixli 167 nömrəli Qərarı ilə təsdiqlənmiş akkreditasiya qaydalarının 4.37-ci bəndinə əsasən aparılacaq.
Amma köçürmənin necə və nə vaxt olacağı hələ məlum deyil. Təhsil haqqı fərqinin necə həll olunacağı da bilinmir. Artıq ödənilmiş pulların taleyi barədə də açıqlama yoxdur.
Bu sistemi kim idarə edir
“Təhsil haqqında” Qanuna görə, akkreditasiya təhsil müəssisəsinin dövlət standartlarına uyğun işləyib-işləmədiyini yoxlayan prosedurdur və hər 5 ildən bir keçirilir.
Prosesi Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) idarə edir. Agentlik 2019-cu ilin dekabrında Prezident Fərmanı ilə yaradılıb, Elm və Təhsil Nazirliyinin tabeliyindədir. Qiymətləndirməni Agentliyin təyin etdiyi komissiyalar aparır, son sözü isə Akkreditasiya Şurası deyir.
Lisenziya isə ayrı qurumun səlahiyyətindədir. İqtisadiyyat Nazirliyinin açıqlamasına görə, hazırda 23 sahibkarlıq fəaliyyəti növü üzrə lisenziyaları məhz bu nazirlik verir, dayandırır və ləğv edir — dövlət təhlükəsizliyi və maliyyə bazarları istisna olmaqla.
Açıq qalanlar
Hesabatda bir tarix var ki, sual doğurur. Universitetin sonuncu akkreditasiya şəhadətnaməsi 2018-ci ildə verilib və 2023-cü ilə qədər qüvvədə olub. Növbəti qiymətləndirmə isə 2025-ci ildə aparılıb. Aradakı iki ildə universitet hansı statusla işləyib və tələbə qəbulu davam edibmi — məlum deyil.
Digər suallar da cavabsızdır. Bu il BQU-ya sənəd vermiş abituriyentlər nə edəcək? Keçmiş məzunların diplomları qüvvədə qalırmı? Müəllimlər və işçilər hara gedəcək?
Universitet rəhbərliyi hələ danışmayıb.
Elmar












