Bu gün Azərbaycan sözünün böyük daşıyıcılarından biri, Xalq şairi Nəriman Həsənzadə əbədiyyətə qovuşdu.
Əslində isə o, ədəbiyyatdan əbədiyyətə getmədi. Çünki həqiqi şairlər ömürlərini yaşadıqları illərlə deyil, yazdıqları sözlə ölçürlər. Söz isə zamandan da uzunömürlüdür.
Nəriman Həsənzadə təkcə şeirlər yazmadı. O, Azərbaycan insanının sevincinə, kədərinə, həsrətinə, Vətən sevgisinə, ana dilinə, mənəvi dəyərlərinə söz verdi. Elə buna görə də onun yaradıcılığı yalnız ədəbiyyat nümunəsi deyil, milli düşüncəmizin, milli yaddaşımızın ayrılmaz parçasıdır.
Məhəmmədhüseyn Şəhriyar “Heydərbabaya salam” poemasında yazırdı:
Evlər qalır, ev sahibi yox özü,
Ocaqların ancaq işıldar közü.
Gedənlərin az-çox qalıbdır sözü,
Bizdən də bir söz qalacaq, ay aman!
Bu misralar bu gün tamam başqa mənada səslənir. İnsan ömrü fanidir, söz isə millətin yaddaşına çevriləndə əbədiləşir. Nəriman Həsənzadə də bu gün cismani olaraq aramızdan ayrılsa da, Azərbaycan sözünün içində yaşayacaq.
Azərbaycanın böyüklüyü yalnız onun sərhədləri ilə ölçülmür. Bu böyüklük əsrlər boyu yaratdığı sözlə, yetişdirdiyi mütəfəkkirlərlə, şairlərlə, yazıçılarla ölçülür. Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Ələkbər Sabir, Mirzə Cəlil, Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad, Cəfər Cabbarlı, Məhəmmədhüseyn Şəhriyar, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Nəriman Həsənzadə… Bu adlar müxtəlif zamanlarda yaşasalar da, eyni xalqın ruhunu, eyni dilin qüdrətini və eyni milli kimliyi yaşadıblar.
Azərbaycan sözü Arazın bu tayında da, o tayında da eyni nəfəs alır. Çünki xalqın coğrafiyası zaman-zaman bölünə bilər, amma onun dili, ədəbiyyatı, mədəniyyəti və milli yaddaşı bölünmür. Elə buna görə də Şəhriyarın Təbrizdən ucalan səsi ilə Nəriman Həsənzadənin Bakıda yazdığı misralar eyni mənəvi bütövlüyün iki ayrı yox, vahid nəfəsidir.
Bəlkə də tale öz rəmzini məhz bu günlə ifadə etdi. Ömrünü Azərbaycan dilinə, Azərbaycan sözünə həsr etmiş bir şairin 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günündə əbədiyyətə qovuşması adi zaman uyğunluğu deyil, dərin mənəvi rəmzdir. Çünki Azərbaycan dili qanunlarla qorunur, amma söz adamlarının yaradıcılığı ilə yaşayır. Əlifbamız hərflərdən ibarətdir, dilimiz isə onu yaşadan insanların ruhundan.
Nəriman Həsənzadənin dünyadan köçməsi bir daha xatırladır ki, böyük insanlar gedəndə əslində bir xalq öz yaddaşına boylanır. Kim olduğunu, hansı sözün övladı olduğunu, hansı mədəniyyətin davamçısı olduğunu yenidən xatırlayır.
Ruhun şad olsun, böyük şair.
Sən getdin, amma sözün qaldı. Və nə qədər ki Azərbaycan dili yaşayır, nə qədər ki bu xalq öz sözünə sahib çıxır, Nəriman Həsənzadə də yaşayacaq.
Çünki söz bir millətin vətənidir. O vətəndə Nəriman Həsənzadə həmişə yaşayacaq.

Araz Əsgərli











