Rüfət Şahbazov və Azərbaycan serialçılığında yeni rejissor nəfəsi

  • Müəllif: Orxan
  • 18 Sentyabr 2026 09:40

Rahatlıqla demək olar ki, xüsusilə son ilə Azərbaycanda serial, ümumən film sektoru inkişaf edib. İndiki məqamda filmlərə nisbətdə seriallarımızın bir o qədər yaxşı olmadığı deyə bilsək də, sözsüz, bu fikri də artıq hər seriala aid etmək olmur.

Onu da açıq etiraf etmək lazımdır ki, məhz serial məsələsində fərqlənən telekanal isə İctimai televiziyadır. Lap dərinə getsəm, hələlik İctimai televiziyada biabırçı bir iş görməmişəm. Bu telekanalın istehsalını, rejissorların işlərini ən pis halda ortabab deyə qiymətləndirə bilərik. Bu mənada, İctimai televiziyada xüsusi parlayan digər bir rejissor da Rüfət Şahbazovdur.

Artıq “Sığınacaq: Əkizlər” serialı da efirə gedir. İlk bölümlərdən tamaşaçı diqqətini çəksə də, sözsüz, yekun fikri – tənqidi və tərifi hələ bir qədər sonra demək daha ədalətli və düzgün olar. Zənnimcə, ilk bölümlər, xüsusilə də aktyor və aktrisa seçimləri baxanda deyə bilirəm: yaxşı iş olacaq.

Rüfət Şahbazovun rejissorluq istedadı daha əvvəl gördüyü işlərdə də özünü büruzə verir.

Əlbəttə, ilk növbədə, son vaxtların ən yaxşı işlərindən biri kimi bilinən və doğrudan da belə olan “Mən, Lalə, bir də Şerlok Holms”u mütləq şəkildə qeyd etmək, qiymətini vermək lazımdır.

Şəxsən mənim üçün bu ekran işini xüsusi edən bir məsələ uşaqların üzərində olan yükü idarə etməsi, ümumiyyətlə, bu dərəcədə, bu qədər istedadlı uşaq tapması təqdirə layiqdir.

Bundan başqa, quruluşçu rejissoru olduğu “Səma ilə görüş”, o cümlədən, hər nə qədər tənqid olunsa da, ən çox izlənilən “Qızqaçırtma” komediya filmi və daha başqa işləri demək olar.

Rüfət Şahbazovun gördüyü işlər arasında paralellik aparanda, onun bir xəttli rejissor olmadığı aydın olur.

Belə demək olarsa, Şahbazovun işlərində artıq müəyyən bir rejissor dəsti-xətti, tamaşaçı ilə ünsiyyət forması və ekran hadisəsinə yanaşma tərzi görünür.

Daha dəqiq, rejissoru qiymətləndirərkən yalnız onun ən uğurlu əsərinə baxmaq müəyyən mənada yanlışdır. Rejissorun əsl portreti müxtəlif janrlarda, müxtəlif aktyorlarla, müxtəlif istehsal şərtlərində necə işləməsində görünür.

Bu mənada, Şahbazovun bu dəsti-xətti də həm dramda, həm də komediyada özünü göstərir, seçilir.

Obrazlı desək, o, artıq Azərbaycan tamaşaçısının ekran vərdişlərini yaxşı tanıyır.

Mənim üçün Rüfət Şahbazovun rejissor kimi ən maraqlı cəhətlərindən biri də budur ki, onun filmləri və serialları xarici modelin kor-koranə təqlidinə çevrilmir.

Əlbəttə, istər televiziya dramaturgiyasının, istərsə də ümumi dramaturgiyanın universal qaydaları var. Yəni məsələn, ailə dramının, macəra və fantastikanın öz klassik strukturları mövcuddur.

Lakin Şahbazov həmin strukturları Azərbaycan məişətinə, Azərbaycan aktyoruna və Azərbaycan tamaşaçısına uyğunlaşdırmağa çalışır.

Elmar

Gununsesi.info