İndi eşitdim ki, haqqın dərgahına qovuşub. Məkanı cənnət olsun.
1993-ün apreli bütün Azərbaycanıa, o cümlədən bizim ailəyə məşəqqət yaşatdı. Azərbaycanın alınmaz qalası Kəlbəcər xaincəsinə düşmənə təslim edildi. İşğalın ilk günlərində, aprelin 8-də Azərbaycan Ordusunun qəhrəman döyüşçüsü ali hərbi təhsilli alay komandiri sonbeşik qardaşım Mahir Muroyun zirvəsində Ömər aşırımında strateji yüksəkliyi ermənilərdən azad edib post qoymuş, beləliklə, Gəncənin düşmən ordusu tərəfindən artilleriya atəşəinə tutulmasına imkan verməmişdi. Özü də azsaylı əsgərləriylə-8 nəfər cəsur döyüşçü ilə! 8-də Nəcməddin Sadıqovun guya köməyə göndərdiyi xainlərin namərd gülləsinin qurbanı oldu… aprel ayının 10-da Şəhidlər Xiyabanında izdihamlı dəfn mərasimində hamımıza qətiyyən ağlamamağı əmr edən 85 yaşlı Dədəm Ağalaroğlu İbrahim Mahiri məzara qoyanda qəfildən bədahətən bir bayatı çağırdı. Sanki aydın səmada şimşək çaxqı…Səsi bütün Xiyabana yayılır, ətrafdakı binalarda əks-səda verərək ərşü-əlaya qalxmışdı:
Dur gedək dağa, Mahir
Qorxuram yağa, Mahir.
Sən duman ol, mən çiskin
Çəkilək dağa, Mahir.
Kövrəlməyən, göz yaşı axıtmayan kimsə qalmamışdı…hətta ovaxtkı Daxili İşlər naziri, sərtliyiylə məşhur olan İsgəndər də hönkürtüsünü saxlaya bilmədi. Bir neçə gün keçmişdi, deyəsən aprelin 17-də Xalq şairi Nəriman Həsənzadə sürücüsüylə mənə həmin günün “Azərbaycan” qəzetini göndərdi. Açdım ki, 3-cü səhifədə “Kəlbəcər qaçqını” adlı 8-9 bəndlik şeiri dərc olunub. Bir neçə bəndini yazmağı məqbul hesab edirəm.
Mərsiyə deyirdi Şəhid Atası
Niyə bu davanın axırı yoxdu.
Eşit bu fəryadı, eşit bu səsi
Ay Allah, səndən ki yuxarı yoxdu.
Sən onun səsini eşit, ey Vətən
Səsini Araza, Kürə verirdi.
Ömür hesabına oğul böyüdüb
Torpağa verirdi, yerə verirdi.
Yerdə yer qalmayıb məzar əlindən
Gəl ay Qaçaq Nəbi, gəl Həcər, deyir.
Yer üstü düşməndi, yer altı Vətən
Hər itən başdaşı Kəlbəcər deyir.
Kəlbəcər taleyin ağır zərbəsi
Bəlkə də dərdlərin möcüzəsiydi.
Mərsiyə deyirdi Şəhid Atası
Qisasa çağıran himn əvəziydi.
Əlövsət, atanın yapış qolundan
Sən ona dayaq ol bir ata kimi…
Hamısını yazıb yormaq istəmirəm sizləri. Sadəcə, Nəriman müəllimin bu şeiri o ağır günlərimizdə bir təsəlli kimi az da olsa, dərdimizi yüngülləşdirmişdi…
Hər üçünün—Dədəmin də, Mahirin timsalında bütün şəhidlərimizin də, böyük şair nin də ruhları şad olsun!

Əlövsət Ağalarov










