Nadir xəstəliklərdən əziyyət çəkən şəxslərin sayı az olsa da, onların müalicəsi dövlət proqramları çərçivəsində təmin edilməlidir.
Gununsesi.info xəbər verir ki, bu təkliflə Milli Məclisin Səhiyyə komitəsinin iclasında deputat Məlahət İbrahimqızı çıxış edib.
Deputat bildirib ki, nadir xəstəliklərin müalicəsində əsas problemlərdən biri zəruri dərman preparatlarının ölkədə əlçatan olmamasıdır:
“Məsələn, Vilson xəstəliyi var. Maraqlandım və ölkədə bu xəstəlikdən əziyyət çəkən 11 nəfərin olduğu bildirildi. Atipik çölyak xəstəliyi də nadir rast gəlinən xəstəliklərdəndir. Bu xəstələrin sayı az olsa da, onlar dövlət proqramına daxil edilməlidirlər”.
M.İbrahimqızının sözlərinə görə, belə xəstəliklərin müalicəsi üçün lazım olan preparatların xaricdən gətirilməsi böyük maliyyə vəsaiti tələb edir:
“Nadir xəstəliklərin əsas problemlərindən biri dərmanların ölkədə tapılmamasıdır. Həmin preparatların xaricdən gətirilməsi isə böyük xərc tələb edir”.
Deputat səhiyyə xərclərinin ailələrin maddi vəziyyətinə təsirinə də diqqət çəkib:
“Məlum olduğu kimi, əhalinin yoxsullaşmasına gətirib çıxaran əsas amillərdən biri səhiyyə xərcləridir. Bu, ciddi sosial problemdir”.
Məlahət İbrahimqızı bölgələrdə vərəm xəstəxanaları və dispanserlərin vəziyyətinə də toxunub.
O, Şəki rayonunu nümunə göstərərək bildirib ki, mövcud şəraitə baxmayaraq, ixtisaslı kadr və tibbi avadanlıq çatışmazlığı qalır:
“Şəkidə yaxşı şərait olsa da, həkim, ftiziatr, rentgenoloq, eləcə də bölgələrdə işin təşkili üçün mobil rentgen aparatına ehtiyac var”.











