Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Ermənistanla bağlı 54266/17 saylı iş üzrə Konvensiyanın 2-ci və 13-cü maddələrinin pozulduğunu müəyyən edib.
Gununsesi.info xəbər verir ki, iş 2014-cü ildə hərbi xidmətdə olarkən həlak olmuş çağırışçı A. Marqaryanın ölümü və hadisə ilə bağlı aparılmış istintaqın səmərəsizliyi ilə əlaqədardır.
Məhkəmənin qərarına əsasən, Ermənistan hakimiyyəti hərbi qulluqçunun ölümünə dair inandırıcı izahat verə bilməyib. İstintaq əsasən ölümündən sonra hazırlanmış psixiatrik rəyə söykənərək onun intihar etdiyi qənaətinə gəlib, digər mümkün versiyalar isə ciddi şəkildə araşdırılmayıb.
AİHM istintaqda mühüm nöqsanlar aşkar edib. Atəşin hansı məsafədən açıldığı müəyyənləşdirilməyib, barıt qalığı testi müsbət nəticələnən hərbçi ilə bağlı əlavə araşdırma aparılmayıb.
Mərhumun atası Pertç Marqaryanın şikayətini araşdıran məhkəmə, həmçinin Ermənistan qanunvericiliyində oğlunun ölümünə görə dövlətdən təzminat tələb etmək üçün effektiv hüquqi mexanizmin olmadığını müəyyən edib.
AİHM Ermənistanın ərizəçiyə mənəvi zərərə görə 50 min avro təzminat ödəməli olduğu barədə qərar çıxarıb.












