“İstedad, texnologiya və ekosistemin birgə sinergiyası əsas açardır”.
Gununsesi.info xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov SABAH.city innovasiya şəhərciyində keçirilən “Baku ID 2026” innovasiya festivalının açılış mərasimində çıxışı zamanı deyib.
Nazir əvvəlcə innovasiya şəhərciyinin yaradılmasında əməyi keçən şəxsləri təbrik edib.
“Bu məkanda və layihədə əməyi keçən hər kəsə – nazir Emin Əmrullayevə, Nihad müəllimə, Rəhim Bayramlıya, adını bildiyim və bilmədiyim çoxsaylı insanlara səmimi təbriklərimi çatdırmaq istəyirəm. Çünki biz bu məkanı sadəcə fiziki sahə və ya infrastruktur kimi deyil, uzun müddətdir ehtiyac duyulan iqtisadi subyektlərin, təhsil ekosisteminin, innovatorların, maliyyələşmədən tutmuş icmaya qədər ekosistem üçün vacib olan bütün tərəflərin bir araya gəldiyi nöqtə kimi görürük.
Təbii ki, bütün bunlar təhsil sisteminin formalaşdırdığı yeni istedad dalğası tərəfindən dəstəklənir və hərəkətə gətirilir”, – deyə Mikayıl Cabbarov bildirib.
O, Azərbaycanın Dünya İqtisadi Forumu ilə əməkdaşlığından da söz açıb.
“Dünya İqtisadi Forumu ilə olan təcrübəmizdən çox məmnunluq duyuruq. Bir neçə il əvvəl Azərbaycan Prezidenti ilə Dünya İqtisadi Forumunun icraçı direktoru arasında imzalanan memorandum Azərbaycanda Dördüncü Sənaye İnqilabının Mərkəzinin filialının açılması ilə nəticələndi. Şəxsən özüm də “Job Accelerator” layihəsinin işində iştirak etməkdən şərəf duyuram”, – nazir qeyd edib.
Mikayıl Cabbarov bildirib ki, müzakirə olunan mövzu yalnız Azərbaycan üçün deyil, demək olar ki, bütün iqtisadiyyatlar üçün böyük əhəmiyyət daşıyır:
“Əlbəttə ki, mən öz ölkəmə diqqət yetirəcəyəm. Bizim əsas hədəfimiz və iddiamız Azərbaycan iqtisadiyyatının mürəkkəbliyini artırmaqdır. Sadə dildə desək, bu, yalnız daha çox mal deyil, həm də daha çox əlavə dəyər yaradan mal və xidmətlər istehsal etmək deməkdir”.
Nazirin sözlərinə görə, bunun əsas açarı istedad, texnologiya və ekosistemin birgə sinerjisidir:
“İstedadın və insanın rolu ən mərkəzi yerdə durur. Bir şərtlə ki, bunu dəstəkləyən siyasət, mühit və ekosistem mövcud olsun. Həmçinin tamamilə aydındır ki, biz istedad haqqında, yaxud savadlı və kompetent işçi anlayışı haqqında danışarkən, bu anlayışların tərifi elə hazırda gözümüzün önündə dəyişir”. (Modern.az)












