Azərbaycanda qəribə bir idarəetmə fəlsəfəsi var. Hansı dövlət qurumu işini görə bilmirsə, bunun hesabını vətəndaş ödəyir. Sanki xidmət göstərən yox, xidmət alan məsuliyyət daşıyır.
İndi də Bakı Metropoliteni Nizami və 28 May stansiyaları arasında təmir aparır. Təmir normaldır. Şəhər yaşayır, köhnəlir, yenilənir. Heç kəs buna etiraz etmir.
Etiraz doğuran başqa məsələdir.
Metronun işləməyən hissəsini əvəz etmək üçün ekspress avtobus buraxırlar. Amma o avtobus pulsuz deyil.
Yəni problem sənin yaratmadığın problemdir, amma hesabı sən ödəyirsən.
Təsəvvür edin, Xalqlar Dostluğu stansiyasından Elmlər Akademiyasına gedirsiniz. Metro ilə 28 Maya qədər gəlirsiniz. 60 qəpik. Sonra məcburi şəkildə avtobusa minirsiniz. Yenə 60 qəpik. Nizamidə düşüb yenidən metroya daxil olursunuz və daha 60 qəpik.
Bir istiqamət 1 manat 80 qəpik.
Qayıdanda da eyni ssenari.
Deməli, təmirin gündəlik “vergisi” 2 manat 40 qəpikdir.
Bu, yolpulu deyil.
Bu, təmir cəriməsidir.
Ən maraqlısı odur ki, bu avtobusa heç kim könüllü minmir. Hamı məcburdur. Alternativ qoymursan, sonra da alternativin pulunu alırsan.
Bu, restorana gedib sifariş vermədən hesab ödəməyə bənzəyir.
Deyirlər, “sizə xidmət göstəririk”.
Xeyr.
Siz öz xidmətinizdə yaranmış boşluğu müvəqqəti doldurursunuz. Bu, əlavə xidmət deyil. Bu, metronun işləməyən hissəsinin əvəzidir.
Əgər lift xarabdırsa və sizi pilləkənlə çıxmağa məcbur edirlər, sonra da pilləkənin istifadəsinə görə pul istəsələr, buna nə ad verərik?
Yaxud xəstəxananın əsas girişi bağlıdır deyə arxa qapını açırlar və deyirlər ki, “bu giriş ödənişlidir”
Məntiq eynidir.
Ən absurd məqam isə budur ki, metronun bir xəttini bağlayan da Bakı Metropolitenidir, onu əvəz edən avtobusu təşkil edən də Bakı Metropolitenidir. Amma bütün bu qərarların maliyyə yükünü daşıyan sərnişindir.
Yəni siz təmir edirsiniz, mən ödəyirəm.
Siz gecikirsiniz, mən ödəyirəm.
Siz marşrutu dəyişirsiniz, mən ödəyirəm.
Bu yanaşmanın adı xidmət deyil.
Bu, məsuliyyətin vətəndaşın cibinə köçürülməsidir.
Dünyanın bir çox şəhərində metro xətti təmirə bağlananda əvəzedici avtobuslar məhz həmin biletin davamı hesab olunur. Çünki sərnişin artıq yolpulunu ödəyib. O, ikinci dəfə eyni marşrut üçün ödəniş etməməlidir.
Bizdə isə sanki təmir kampaniyası keçirilmir, kassaya yeni gəlir mənbəyi açılır.
Əgər metro həmin məsafəni işlək vəziyyətdə olsaydı, sərnişin bir dəfə ödəniş edib mənzil başına çatacaqdı. İndi isə metronun işləməməsi sərnişin üçün əlavə xərcə çevrilib.
Bu, nə iqtisadi baxımdan əsaslandırıla bilir, nə də sosial baxımdan.
Çünki təmir Bakı Metropoliteninin vəzifəsidir.
Onun maliyyə yükü isə sərnişinin problemi olmamalıdır.
Bəlkə də, sabah eskalator xarab olanda deyəcəklər ki, pilləkənlə qalxmaq üçün də ayrıca kart vurun.
Elmar












