“Ermənistan Rusiya və İranla münasibətlərini pozmamağa çalışacaq”

“Əgər ABŞ İran ətrafındakı proseslərdə zəifləsə, həmçinin Rusiya-Ukrayna müharibəsində Rusiyanın üstünlüyü artsa və ya İran hazırkı mövqeyini qoruyub saxlasa, bu, Ermənistanın siyasi davranışına da təsir göstərə bilər”.

Bu fikirləri Gununsesi.info-ya deputat Tural Gəncəliyev deyib:

“Belə bir şəraitdə Ermənistan müəyyən məsələlərdə İran və Rusiyanın, hətta müxtəlif kanallar vasitəsilə onların dəstəyinə arxalanaraq ABŞ ilə bağlı bəzi qərarları uzatmağa çalışa bilər.

Hazırda Yaxın Şərqdə və Rusiya-Ukrayna müharibəsində baş verən proseslər bütün regional layihələrə təsir edir. ABŞ-nin bölgə ilə bağlı təşəbbüslərinin də müəyyən gözləmə mərhələsində olduğunu düşünürəm. Əslində, bütün dövlətlər hazırkı geosiyasi vəziyyətin hansı istiqamətdə inkişaf edəcəyini gözləyirlər. Məsələn, Səudiyyə Ərəbistanı ətrafında yeni əməkdaşlıq formatlarının formalaşdırılması və digər ölkələrin siyasətlərini bu proseslərə uyğun qurması bunu göstərir. Ukrayna Prezidentinin ABŞ-yə son səfəri də regionda geosiyasi qeyri-müəyyənliyin davam etdiyini nümayiş etdirir.

Belə bir şəraitdə Ermənistan kimi resursları məhdud olan dövlətlər Rusiya və İranla münasibətlərini korlamağa çalışmayacaqlar. Əksinə, geosiyasi mənzərə tam aydınlaşana qədər onlar bütün istiqamətlərdə manevr imkanlarını qorumağa üstünlük verəcəklər.

Əgər ABŞ bu rəqabədə üstün mövqe əldə etsə, o zaman “TRIP” marşrutunun açılması və tam işlək vəziyyətə gətirilməsi də sürətlənə bilər. Əks halda isə ABŞ-nin Cənubi Qafqazda təsir imkanlarını artırması üçün ilk növbədə İran üzərində daha güclü təsirə malik olması lazımdır. Hazırda isə bunun baş verdiyini müşahidə etmirik.

Bu baxımdan Ermənistanla ABŞ arasında dəmir yolu, logistika xətti, Zəngəzur dəhlizi və “TRIP” marşrutu ilə bağlı layihələr müəyyən risklərlə üzləşə bilər. Lakin Azərbaycanla Ermənistan arasında sülh prosesi bu layihələr qədər həssas deyil. Müharibə artıq başa çatıb, Azərbaycan öz ərazilərinə nəzarəti bərpa edib və sərhədlərini qorumaq imkanına malikdir”.

 

 

Şəbnəm

Gununsesi.info