Ərdoğan hərbi rəhbərliyi yenilədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən 2026-cı il Ali Hərbi Şuranın (YAŞ) iclasında Silahlı Qüvvələrin komandanlıq heyəti ilə bağlı mühüm qərarlar qəbul edilib.

Gununsesi.info xəbər verir ki, qərara əsasən, Hərbi Hava Qüvvələrinin komandanı, ordu generalı Ziya Cemal Kadıoğlu ştat ixtisarı səbəbindən təqaüdə göndərilib. Onun yerinə Hərbi Hava Qüvvələrinin Döyüş Komandanı, ordu generalı Rafet Dalkıran təyin olunub.

Eyni zamanda Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Ercüment Tatlıoğlunun səlahiyyət müddəti 30 avqust 2026-cı il tarixindən etibarən daha bir il uzadılıb.

YAŞ qərarlarına əsasən, 30 avqust tarixindən etibarən 25 general və admiral daha yüksək hərbi rütbəyə yüksəldilib, 69 polkovnik isə general və admiral rütbəsi alıb. Bundan başqa, 24 generalın xidmət müddəti bir il, 530 polkovnikin xidmət müddəti isə iki il uzadılıb.

Qərarlar nəticəsində Türkiyə Silahlı Qüvvələrində general və admiral sayının 328-dən 334-ə yüksələcəyi bildirilib.

İclasda həmçinin yaş həddinə görə 2 generalın, ştat ixtisarı səbəbindən isə 61 general və admiralın təqaüdə göndərilməsi qərara alınıb.

Qərarlar çərçivəsində Türkiyənin ilk astronavtı olan Hərbi Hava Qüvvələrinin pilot polkovniki Alper Gezeravcı da briqada generalı rütbəsinə yüksəldilib.

 

Gununsesi.info