“Qaz sammiti Azərbaycan üçün mühüm strateji əhəmiyyətə malikdir” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

  • By admin
  • 06 Yanvar 2023 14:30

“Hazırda Ukraynada gedən müharibə ilə əlaqədar Rusiya üzərinə qoyulan sanksiyaların nəticəsi olaraq bu ölkədən Avropaya neft-qaz ixracı kəskin dərəcədə azalıb. Regionun digər böyük qaz istehsalçısı olan İran da artıq uzun müddətdir ki, oxşar sanksiyalar altındadır”.

Gununsesi.info xəbər verir ki, bu sözləri SİA-ya açıqlamasında deputat Cavanşir Feyziyev deyib.

Onun sözlərinə görə, belə bir şəraitdə Türkiyənin Avropa üçün ən yaxın və etibarlı qaz təchizatı rolunu öz üzərinə götürməsi üçün əlverişli iqtisadi fürsət yaranıb: “Türkiyədə keçirilməsi nəzərdə tutulan qaz sammiti Avropanın təbii qazla təminatının yaxşılaşdırılması üçün yeni təchizat mənbələrinin araşdırılması və müvafiq infrastruktur layihələrinin müzakirə olunması baxımından çox önəmlidir. Şübhəsiz ki, Avropanın təbii qazla təminatında Azərbaycanın da rolu kifayət qədər mühümdür. Ona görə də keçən ilin 18 iyulunda Avropa Komissiyası ilə ölkəmiz arasında enerji təminatı sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdı”.

Deputat sözlərinə davam edərək qeyd edib ki, Avropanın üzləşdiyi problemin həllində Azərbaycanın tranzit imkanları da çox əhəmiyyətlidir: “Yaxın gələcəkdə Qazaxıstan və Türkmənistan yataqlarında istehsal olunan enerji resurslarının Azərbaycan və Türkiyə üzərindən Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya çatdırılması mövcud problemin ən optimal həll yolu kimi görünür. Avropa-Asiya iqtisadi münasibətlərində belə bir transformasiya bütövlükdə Avrasiya və dünya siyasətinə təsirsiz ötüşməyəcək. Bu istiqamətdə atılacaq addımlar uğurlu olarsa, Avrasiya ölkələri arasında siyasi-iqtisadi əməkdaşlığın genişlənməsi sayəsində bütövlükdə Avrasiya miqyasında hərbi-siyasi gərginlik də əhəmiyyətli dərəcədə azala bilər. Belə pozitiv ehtimalların fonunda Türkiyədə keçiriləcək qaz sammiti bir çox ölkələr üçün, o cümlədən Azərbaycan üçün mühüm strateji əhəmiyyətə malik olan beynəlxalq tədbir olacaq”.

Gununsesi.info