“Rakka-çiko” üslubunda “Nanay-ninay” mahnılar müəllifi - Orxan Saffari yazır…

  • By Admin2
  • 03 Aprel 2026 23:43

Azərbaycanda niyəsə çox məşhur olan, hətta əksəriyyət tərəfindən çox sevilən, ancaq buna qəti şəkildə layiq olmayan bir müğənni də Talıb Taledir.

Talıb Tale bu həyatda sənətkarlıqdan başqa hər işlə məşğuldur.

Vikipediyası deyir ki, həm söz yazırıdır, həm bəstəkardır, həm də rejissor. Ancaq hamısını birləşdirəndə yenə də ortaya normal bir iş, bütöv bir Talıb Tale çıxmır.

O, əslində, yaxşı, sənətkarlar nəsildən gəlir.

Bu mənada, Talıb Tale öz şəcərəsinin – İslam Ələsgərin, ulu babaları Aşıq Talıbın, kötücəsi də olduğu Aşıq Ələsgərin yolunu getsəydi, bəlkə də, uğurlu bir sənət adamı olardı.

Ən azından aşıq Namiqdən yaxşı olardı, sevilərdi. Bəlkə də, onun timsalında çox yaxşı bir aşığı itirmişik.

Bütün hallarda onun indi sənət adına oxuduğu mahnılara adamın musiqi deməyə dili gəlmir.

Möcüzədir ki, qulağı vuran, başadüşən səs və başa düşülməyən ifalarla o necə sevilə bilir?

Pafosun ritmik ladında bayağı mahnılar, rakka-çıkko üslubunda nanay-ninaylar Talıb Tale yaradıcılığının əsasını təşkil edir.

Onun mahnılarında nə poetik məna var, nə melodik yaddaş, nə də ruh. Bir dəfə dinlənir, sabahı gün unudulur. Amma qəribədir ki, məhz bu “tez unudulanlıq” onu populyar edir.

Talıb Tale və onun kimi müğənnilər göstərir ki, Azərbaycanda zəhmət çəkmədən, ortaya heç bir ciddi iş qoymadan da məşhur olmaq, sevilmək mümkündür.

Talıb Talenin mahnılarının niyə çox sevilməyi məni düşündürürdü. Açığı, çox da ciddi, məntiqli bir səbəb tapa bilmirəm. Cəmiyyətimi tanıyıram, onun sənət zövqünə bələdəm. Belə olanda isə, əslində, məsələ çox sadə və ortadadır.

Talıb Tale də sevilməyib kim seviləcək?

Onun mahnıları insanı susdurmur, düşündürmür, silkələmir. Sadəcə boşluqları doldurur. Lift gözləyəndə, maşın sürəndə, restoranda oturanda. Yəni həyatın “pauza” anlarında səslənmək üçün hazırlanıb. Aydın məsələdir ki, bu da sənət yox, sadəcə akustik dekorasiyadır.

Talıb Tale kimi ifaçıların uğuru onların zəifliyində gizlidir. Çünki dərinlik hər kəs üçün deyil. Amma səth hamıya uyğundur. Düşünmək enerji tələb edir, hiss etmək cəsarət. Amma sadəcə dinləmək? Heç nə tələb etmir. Talıb Tale və onun timsalındakıların da məsələsi budur. Heç bir əziyyət yox, düşünmək yox və atlanıb düşmək bol.

Bu gün Talıb Talenin dinlənilməsinin səbəbi zövqsüzlük yox, artıq böyük bir zövqsüzlüyün formalaşmasıdır.

Obrazlı desək, Talıb Tale dinləyicidən heç nə istəmir, ona görə də “çox qazanır”.

Orxan Saffari

Gununsesi.info