Rusiya ordusunda komandirlərə öz döyüşçülərini güllələmək icazəsi verilib?

  • By ilhame
  • 26 Oktyabr 2023 22:51

Rusiya Müdafiə Nazirliyinin məhkumlardan ibarət “Z-Ştorm” və ya “Z-həmlə” bölükləri barədə təlimatında komandirlərə öz döyüşçülərini güllələmək icazəsi verilir.

Gununsesi.info xəbər verir ki, “Vajnıye istorii” jurnalist təhqiqatı saytının məlumatına görə bu sənədi açıq mənbələrlə işləyən Frontelligence Insight təhqiqat icması yayıb.

Bu təlimatda yalnız məhkumlardan formalaşdırılan “Z-həmlə” bölük və taqımlarının döyüşçülərinin başqa hərbi qulluqçularla qarışdırılmasına icazə verilmir.

Sənəddə “xüsusi kontingent” adlandırılan belə dəstələrdən şəhər tikililəri arasında və mürəkkəb relyefli məkanlarda hücum üçün istifadə edilir.

Məhbuslardan ibarət həmlə batalyonlarının döyüş hazırlığına yalnız 10-15 gün vaxt verilir.

Sənəddə qeyd olunur ki, belə döyüşçülərlə müqavilələr altı aylıq bağlanır və onlar döyüş meydanını yalnız fövqəladə hallarda – ağır yaralananda və ya “həlak olanda” tərk edə bilərlər.

Belə həmlə dəstələrinin komandirlərinə məhkumlardan ibarət “arxa xətt” dəstələrinin yaradılmasına icazə verilir. Bu dəstələrin vəzifəsi cəbhə xəttindən qaçanların və ya geri çəkilənlərin qarşısını kəsməkdir.

“Arxa xətt” dəstəsinə xüsusi vəziyyətlərdə döyüşçünü güllələmək icazəsi verilir:

“Komandirlər açıq itaətsizlik hallarında intizamı bərpa etmək üçün silahdan istifadə edə bilərlər”.

Həmlə batalyonu əsgərinin altı aylıq müqaviləsi başa çatanda onun barəsində əfv aktı qəbul olunur. O bundan sonra yeni müqavilə bağlaya və ya “öz hesabına” Rusiyaya qayıda bilər.

Gununsesi.info