Rusiyaya gedən azərbaycanlıların sayı niyə azalır? - Deputat açıqladı

  • By Ayshan
  • 17 Noyabr 2025 22:34

Azərbaycan vətəndaşlarının Rusiyaya səfərlərinin kəskin azalması diqqət çəkir. Ötən ilin ilk üç rübündə qonşu ölkəyə 144 min Azərbaycan vətəndaşı səfər etdiyi halda, bu il həmin göstərici 99 min nəfərə düşüb. Səfərlərin azalmasına təsir edən əsas amillər və yaranan tendensiyanın iki ölkə arasındakı sosial-iqtisadi münasibətlərə mümkün təsirləri aktuallığını qoruyan suallar sırasındadır.

Mövzu ilə bağlı millət vəkili Azər Allahverənov Gununsesi.info-ya açıqlamasında bildirib ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə hazırkı rəqəmlər arasında çox kəskin azalma müşahidə olunur və bunun bir neçə əsas səbəbi var.

Onun sözlərinə görə, bu səbəblər həm ciddi, həm də prosesə birbaşa təsir edən amillər sırasındadır:

“İlk növbədə məlumdur ki, Rusiyada miqrasiya ilə bağlı həyata keçirilən siyasət son illər xeyli sərtləşib. Qanunsuz miqrasiya ilə mübarizə çərçivəsində hökumət aidiyyəti qurumlar üçün yeni öhdəliklər müəyyənləşdirir və yeni qaydalar tətbiq edir. Xüsusilə 2015-ci ildən etibarən qüvvəyə minən bir sıra qaydalar miqrantların maraqlarına zidd hesab oluna biləcək orqanizasiya və prosedurlar yaradır. Çünki bu qaydalar həm əlavə bürokratik yük, həm əlavə vaxt itkisi, həm də əlavə vəsait deməkdir. Məsələn, bu ilin 30 iyun tarixindən etibarən “QR code” sistemi tətbiq olunmağa başlayıb. Bu sistem vizasız gediş-gəliş ölkələrinin vətəndaşlarına şamil olunur. Rusiyaya getmək istəyən şəxs səfərdən 72 saat əvvəl xüsusi portal vasitəsilə müraciət etməli, “qr code” almalı və ölkəyə daxil olarkən sərhəd xidmətinə təqdim etməlidir. Sərhəd xidməti bu koda əsasən qərar versə də, daha sonra miqrasiya və digər qurumlar həmin şəxsin inzibati xətalarına görə girişə məhdudiyyət qoya bilir. 2025-ci ildə bununla bağlı çoxsaylı faktlar qeydə alınmışdır. Bəzi hallarda bu real inzibati pozuntularla bağlı olur, bəzi hallarda isə subyektiv yanaşmalar müşahidə edilir”.

O qeyd edib ki, Rusiyada uzun müddət əmək fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər artıq daha ciddi tələblərlə üzləşirlər:

“Əvvəllər əməkçi miqrantlar ailələrini özləri ilə aparıb Rusiyada rahat yaşaya bilirdilərsə, hazırkı qaydalar bunu getdikcə mümkünsüz edir. Yaşamaq icazəsinin verilməsi üçün əsas şərt şəxsin rəsmi əmək fəaliyyəti ilə məşğul olması sayılır. Hətta miqrantın ailə üzvləri – xüsusilə həddi-buluğa çatmış şəxslər də orada qalmaq üçün mütləq əmək fəaliyyəti əsasında icazə almalıdırlar. Bu isə bir çox ailələrin Rusiyaya getməsini faktiki olaraq qeyri-mümkün edir. Bu və digər bürokratik əngəllər Rusiyaya üz tutan insanların sayının kəskin azalmasına gətirib çıxarıb. Nəticədə statistika da bu səbəbdən aşağı düşür. Bu azalma həmçinin miqrantların ailə üzvlərinə də şamil olunur. Çünki əsas tutarlı səbəb olmadığından onların yaşayış icazəsi alma imkanları məhdudlaşır”.

Deputat hesab edir ki, miqrasiyanın azalması iki ölkə arasındakı dövlət səviyyəli münasibətlərə ciddi təsir göstərmir:

“Çünki Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlıq haqqında mühüm sənəd mövcuddur və bu çərçivədə əməkdaşlıq davam edir. Lakin bu proses daha çox Rusiyaya gedərək orada işləyən şəxslərin sosial-iqtisadi vəziyyətinə təsir edir. Rusiyada işləyən azərbaycanlıların sayının azalması pul köçürmələrinin həcminin də azalmasına səbəb olur. Bundan əlavə, həmin şəxslərin təqaüd yığımları və digər sosial təminat hüquqlarından gələcəkdə yararlanma imkanları da məhdudlaşır.

Nəticə etibarilə, miqrasiya qanunvericiliyində tətbiq olunan yeni qaydalar insanların Rusiyada uzunmüddətli əmək fəaliyyəti ilə məşğul olmaq istəyinə mənfi təsir göstərir və bu da həm statistik rəqəmlərdə, həm də insanların sosial təminatında özünü açıq şəkildə göstərir”.

 

Günay

Gununsesi.info