Sosial şəbəkə hesabları da vəsiyyət edilə bilərmi? - Şərh

Müasir dünyada ölümündən sonra tərtib edilən vəsiyyətlər bəzən maraqlı hüquqi mübahisələr doğurur. Xüsusilə rəqəmsal dövrdə yeni bir sual ortaya çıxır:

“İnsan öldükdən sonra onun sosial şəbəkə hesablarının taleyi necə olur?”.

Hamımız rastlaşmışıq ki, bəzi şəxslər vəfat etdikdən sonra da onların sosial şəbəkə profilləri aktiv qalır. Hətta bəzən həmin hesablar vasitəsilə paylaşımlar edilir və ya müxtəlif hüquqi və etik problemlər yaranır. Bu isə rəqəmsal miras anlayışını gündəmə gətirir.

Maraqlıdır, bir şəxs həyatda olarkən sosial şəbəkə hesabını başqa bir şəxsə vəsiyyət edə bilərmi?

Sosial şəbəkə hesabları miras predmeti hesab olunurmu, yoxsa onlar yalnız istifadəçiyə məxsus şəxsi hüquq kimi qiymətləndirilir? Qanunvericilik və platformaların istifadə şərtləri bu məsələyə necə yanaşır?

Bu barədə Gununsesi.info-ya hüquqşünas Şamil Paşayev danışıb.

O bildirib ki, bu məsələ klassik miras hüququndan daha mürəkkəbdir.

“Sosial şəbəkə hesabları əmlak deyil, xidmət müqaviləsi əsasında yaradılmış istifadəçi hesablarıdır. Bir çox platformanın qaydalarına görə hesab başqa şəxsə ötürülə bilməz. Lakin hesabdakı məlumatlar, fotoşəkillər və bəzi rəqəmsal aktivlər mirasın tərkib hissəsi ola bilər. Vəsiyyət müəyyən hüquqların həyata keçirilməsi üçün əsas yaratsa da, platformanın daxili qaydaları da nəzərə alınmalıdır. Buna görə dost həmin hesabın tam sahibi olmaya bilər. Hüquqi nəticə həm milli qanunvericilikdən, həm də platformanın istifadə şərtlərindən asılıdır”,-deyə hüquqşünas qeyd edib.

Orxan
Gununsesi.info