Sürücülərin nəzərinə!

  • Müəllif: Firuzə
  • 26 Avqust 2026 19:44

Körpü və yol ötürücülərinin texniki vəziyyətinin qiymətləndirilməsi məqsədilə aşağıdakı mühəndis qurğularında instrumental müayinələr aparılacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.

Bildirilib ki, avqustun 27-də Azadlıq və Ziya Bünyadov prospektlərinin kəsişməsində yerləşən “Karl Marks” yol ötürücüsündə müayinələr aparılacaq . Müayinə zamanı nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılmayacaq.

“Avqustun 27-dən 28-nə keçən gecə, 28-i səhər saatlarınadək Bakıxanov küçəsində yerləşən “Bakıxanov” yol ötürücüsü, Ceyhun Səlimov küçəsində yerləşən “Papanin” yol ötürücüsü, Pirşağı dəmir yolu üzərində yerləşən “Pirşağı” yol ötürücüsündə  müayinələrin aparılması ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq. Instrumental müayinələr Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsasında Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S. Ə. Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu tərəfindən həyata keçiriləcək. Bildiririk ki, instrumental müayinələrin aparılması həmin qurğuların istismar üçün təhlükəli olması demək deyil. Bu, daşıyıcı konstruksiyaların möhkəmliyini, yükgötürmə qabiliyyətini və deformasiya göstəricilərini, həmçinin vizual baxışla müəyyən edilməsi mümkün olmayan qüsurları xüsusi cihazlarla dəqiq qiymətləndirməyə imkan verən qabaqlayıcı tədbirdir. Sürücülərdən hərəkətin məhdudlaşdırıldığı müddətdə alternativ marşrutlardan istifadə etmələri və aparılan müayinələrə anlayışla yanaşmaları xahiş olunur”, – deyə əlavə edilib.