Şuşaya gedən sabiq nazirin təəsüratları

  • By admin
  • 02 Sentyabr 2021 12:18

Sabiq xarici işlər naziri Vilayət Quliyev Şuşa səfəri ilə bağlı düşüncələrini Gununsesi.info-ya təqdim edib. Həmin qeydləri təqdim edirik:

Erməni vandalları Əhməd bəyin (Əhməd Ağaoğlu) ata mülkünü son daşına qədər dağıdıblar. Sovet dövründə idarə və müəssisə binası, pansionat və məktəb kimi istifadə olunan, yerli camaat arasında nədənsə “Lesnaya şkola” kimi tanınam bu böyük mülkün yerində indi yalnız kol-kos bitir. Ermənilərin Əhməd bəylə xüsusi “haqq-hesabları” vardı.
Bizdə onu “burjua millətçisi” kimi damğalayanda Ermənistanda neodaşnakizmin ideologu, Ermənistan KP MK- nın katibi Con Kirakosyan “Младотурки перед судом истории» (Ереван, 1967) kitabında “şuşalı pantürkist Əhməd Ağayevi Şuşada erməni qırğınlarının təşkilatçısı və rəhbərlərindən biri” kimi qələmə verirdi.

1914-cü ildə erməni dramaturqu E.Ter-Qriqoryan əsas qəhrəmanının “panislamist” Əhməd bəy Ağayev olduğu “Qılınc və od” pyesini yazmışdı. Bu üzdəniraq əsər tezliklə rus dilinə çevrilərək Moskvada da çap olunmişdu.
Daşnak terrorçularının “Nemezis” qisas planına görə Əhməd bəyin adı “qətli vacib və təxirəsalınmaz şəkildə həyata keçiriməli olan” 43 nəfərin siyahısına salınmşdı. Sadəcə, səhvən onun yerinə Behbud xan Cavanşiri öldürmüşdülər. 1918-ci ildə ermənilərin təhriki ilə ingilislislərin diqtəsi altında işləyən Kürd Mustafa Paşa məhkəməsi Əhməd bəyi saxta erməni soyqırımında suçlu sayaraq Malta adasına sürgün etmişdi… Ölümə bərabər bu sürgündən yalnız Qurtuluş Savaşının öndəri Atatürkün sayəsində xilas ola bilmişdi.
Və bizdən fərqli olaraq uydurduqları saxta tarixi heç vaxt unutmayan daşnak tör-töküntüləri Şuşanı müvəqqəti işğal edən kimi ilk qisası Əhməd bəydən, onun xatirəsindən almışdılar.

Gununsesi.info