Təqdi(r)mat

  • By admin
  • 24 May 2016 07:29

GUNUNSESI

Yazının adının bu cür olması sizi çaşdırmasın. Bu, həm bir saytın təqdimat yazısı, həm də gedəcəyi yolun cığırıdır. Yəni, dediyim odur ki, yeni yaranmışıq. Təqdimatımızı veririk. Amma bununla bərabər, təqdir olunmaq istəyirik. Mat edəcəyimiz strategiyamız və xəbərlərimizlə. Yox, şahmat oynamaq da fikrimiz də yoxdur. Biz, sadəcə yazılarımızı yazacağıq. Baxmayaraq ki, bu gün Azərbaycanda kifayət və kəmiyyət qədər sayt və portallar var, amma keyfiyyət qədər yoxdur. Üç-dörd istisna, vəssalam. Ümid edirik ki, bu boşluğu “Günün səsi” olaraq biz dolduracağıq. “Günün səsi” – burada gün həm zaman, həm də Günəş anlamındadır. Jurnalistikanı Günəşə bənzədərdim. Qaranlıqları Günəş kimi işıqlandırar, isti səsi, xəbərləri ilə cəmiyyətə istiqamətlənən soyuq həyat şəraitinin qarşısını alar. Qarşısını alsaq da, kiməsə(qrup, şəxs) qarşı deyilik. Faktımızı, xəbərimizi yazacağıq.

Heç kimdən də bizə əl çalmasını gözləmirik. Çünki indi elədir ki, əl, əl çalsa da, dodaq bu hərəkətə fit çalır. Əl çalanda? gərək ehtiyatlı olasan. Hələlik, kiçik imkanlarla böyük auditoriyanın xidmətində olacağıq. Doğrudur, asan olmayacaq. Maddi texniki bazanın təminatı önəmlidir. Amma oxucu qədər deyil. Qısacası, biz, Azərbaycan qaranlıqlarının nuru- Günəşi, aydınlarının isə ilham mənbəyi olacağıq. Bizi izləyib baxın ki, işıqlanasınız.

Qorxmayın, göz qamaşdırmayacağıq, göz oxşayacağıq.

Arzu Sayadoğlu