Uşaqlar valideynlərin münasibətindən çox təsirlənirlər və ailənin emosional mühiti onların inkişafına böyük təsir göstərir. Tez-tez mübahisə baş verən ailələrdə uşaqlar özlərini narahat və qorxulu hiss edə bilərlər.
Belə vəziyyət onların emosional və sosial bacarıqlarına mənfi təsir göstərə bilər.
Bəs valideynlər ailədə yaranan gərginliyi minimuma endirərək uşaqlarına sağlam psixoloji mühit necə təmin edə bilərlər?
Gununsesi.info-ya danışan psixoloq Sevinc Həbibova mövzunu belə şərh edib:
“Valideynlərin münasibətləri uşaqların emosional və psixoloji inkişafında həlledici rol oynayır. Ailədə tez-tez mübahisə və konflikt baş verəndə uşaqlar narahatlıq və qorxu hiss edə bilərlər. Bu, onların etibar hissinə və təhlükəsizlik anlayışına mənfi təsir göstərir. Mübahisələrin davamlı olması uşaqların özünü ifadə etməsini və duyğularını idarə etməsini çətinləşdirir.
Uşaqlar böyüdükcə bu davranışları normal qəbul edə və gələcəkdə münasibətlərində oxşar problemlər yarana bilər. Valideynlər gərginlik zamanı sakit və nəzakətli ünsiyyət qurmağa çalışmalıdır. Konfliktlərin açıq və sağlam şəkildə həlli uşaqlar üçün nümunə rolunu oynayır. Valideynlər uşaqlara problemləri danışmaq və emosiyalarını ifadə etmək üçün şərait yaratmalıdır. Hər iki valideynin uşaqlar qarşısında hörmətli davranması çox önəmlidir”.
Sevinc Həbibova qeyd edib ki, mübahisələr zamanı uşaqları söhbətdən uzaqlaşdırmaq və onları qorumaq faydalıdır.
“Valideynlər həmçinin öz stress və gərginliklərini idarə etməyi öyrənməlidirlər. Pozitiv ailədaxili ünsiyyət uşaqların özünəinamını və sosial bacarıqlarını gücləndirir.
Uşaqlarla birlikdə keyfiyyətli vaxt keçirmək, oyunlar və birgə fəaliyyətlər ailə bağlarını möhkəmləndirir. Lazım gələrsə, ailəvi məsləhət və ya psixoloji dəstək almaq da faydalı ola bilər”.
Firuzə












