Vüsalə Əlizadə vəfat edən qardaşından yazdı

  • By admin
  • 21 Sentyabr 2021 10:48

Dağ boyda qardaşı ölən bacıyam. Doğum günün mübarək, canımdan, qanımdan gedən, canım. 33 yaş cənnət yaşıdır deyirlər, bu yaşında cənnətlə mükafatlanan igid qardaşım. 5 ildə üzünü 5 ay görmədim, bilərəkdən uzaq oldun, hə? Bizi bu gün üçün hazırlayırdın? Vətən sağ olsun deyirdin, bacın qurban. Neyləyirəm sənsiz o ulduzları, o medalları… Sən ki bu dünyadan heç doymamışdın, niyə atamla bəhsə girdin? Kimin adı daha çox yaraşacaq qara daşa… Başımı sinənə qoyanda atamın iyini səndən alırdım… Sən ki vəfasız deyildin, niyə yarı yolda qoydun məni, qara daşdan sənin qoxun gəlmir. Sənin kimi oxşamır saçımı, Diləyimi sənə əmanət etmişdim, ay vəfasız, sən Rafaelini mənə etibar etdin. Bir ömürlük ürək dağım oldun. Bu gün sənin günün. Allahım səni beş bacıya ərməğan verdi. Uşaqlığımın ən böyük arzusu qardaşım. Yaraşıqlım, dağım, ən uca zirvəm, güvənim, fəxrim, dayağım, başımın tacı, paşam. Vətən, torpaq aşiqi igidim.

Gununsesi.info xəbər verir ki, bu sözləri aparıcı Vüsalə Əlizadə instaqramda yazıb. Qardaşının fotosunu paylaşan aparıcı onu doğum günü münasibətilə təbrik edib:

“Doğum günün mübarək, bacısının bir dənəsi, sənə can sağlığı uzun ömür, daha yüksək rütbələr, bol şans arzu edirəm… Allahım səni xətadan, bəladan uzaq etsin, bacısının nəfəsi, körpəm, sonbeşiyim… Bir balanın toyunu görməyi Allah sənə qismət eləsin İnşallah. Qardaşımın 33 yaşı olur, ay camaat! Təbrik yazmışam, cənnətə necə göndərim. Kömək edin, nə olar. Gün bitir, gecikirəm, sonra küsər bacısından”.

Xatırladaq ki, Əlihüseyn Əlizadə avqustun 15-də avtomobil qəzasında həyatını itirib.

Gununsesi.info