Yay aylarında necə qidalanmalı? – Dietoloqdan tövsiyələr

Yay aylarında havanın temperaturunun yüksəlməsi orqanizmin qida və mayeyə olan tələbatını dəyişir.

Bu dövrdə düzgün qidalanma həm susuzlaşmanın qarşısını almağa, həm də gün ərzində gümrah qalmağa kömək edir.

Mütəxəssislər də bildirirlər ki, isti havalarda qida seçiminə xüsusi diqqət yetirilməlidir.

Gununsesi.info-ya danışan dietoloq Validə Şıxıyevanın sözlərinə görə, yay aylarında ağır və yağlı yeməklərin qəbulu mümkün qədər azaldılmalıdır.

O bildirib ki, gün ərzində kifayət qədər su içmək orqanizmdə maye tarazlığının qorunması üçün əsas şərtlərdən biridir.

Mütəxəssis meyvə və tərəvəzlərin gündəlik qida rasionunda daha çox yer almasını tövsiyə edib:

“Xiyar, pomidor, qarpız, yemiş və müxtəlif göyərtilər həm su ehtiyacının ödənilməsinə, həm də vitamin çatışmazlığının qarşısının alınmasına kömək edir. Qidalar kiçik porsiyalarla və gün ərzində bir neçə dəfə qəbul olunmalıdır. Açıq havada uzun müddət qalan şəxslər qazlı və şəkərli içkilər əvəzinə adi suya üstünlük verməlidirlər. Süd və ət məhsulları isti havalarda düzgün saxlanılmadıqda tez xarab ola bilər və bu səbəbdən onların təzəliyinə xüsusi diqqət yetirilməlidir”.

Validə Şıxıyeva əlavə edib ki, yay mövsümündə düzgün qidalanma qaydalarına əməl etmək həm sağlamlığın qorunmasına, həm də günün isti saatlarını daha rahat keçirməyə kömək edir.

 

 

Firuzə

Gununsesi.info