Nazirlər Kabineti istehsalatda baş verən bədbəxt hadisələr və peşə xəstəlikləri ilə bağlı yeni qərar qəbul edib.
Belə ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi Qaydası” təsdiqlənib.
Eyni zamanda, “Əlilliyin qiymətləndirilməsi Qaydası”na dəyişiklik edilib.
Yeni qaydaya əsasən, istehsalatda baş verən bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində zərər çəkmiş sığorta olunan şəxsin peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən olunması mexanizmi müəyyənləşdirilib.
Gununsesi.info xəbər verir ki, deputat Vüqar Bayramov qeyd edib ki, qaydalar ilə peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi ilkin olaraq müəyyən edilən zaman xəstəlik və ya zədə, habelə zədə ilə əlaqədar çatışmazlığın səbəb əlaqəsini təsdiq edən sənədlərin siyahısı da konkretləşdirilib:

“Eyni zamanda, “peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi (faizlə)” ilə orqanizmin funksiyalarının pozulması faizinin peşələr üzrə təzahür dərəcəsi və sığorta olunanın yaşına uyğun olaraq peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi müəyyən edilib və bunun üçün xüsusi düstur da təsdiq olunub.
Əlilliyin müəyyənləşdirilməsi ilə bağlı müddətdə konkretləşdirilib. Belə ki, komissiya peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsinə dair qiymətləndirilmənin aparıldığı gün, əlavə araşdırma tələb olunduğu hallarda, həmin gündən sonra 5 iş günü müddətində qərar qəbul edərək protokolla rəsmiləşdirməlidir. Kağız daşıyıcıda qəbul edilmiş qərar 3 iş günü ərzində MEİS-in “Əlillik” altsisteminə daxil edilmədən sığortalıya təqdim edilməlidir”.
Vüqar Bayramov əlavə edib ki, qərarın altsisteminə daxil edilməsi də nəzərdə tutulur:
“Peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi məqsədilə qiymətləndirmə aparılan zaman orqanizmin funksiyalarının 30 faizə qədər və bu göstəricidən daha çox pozulması halları fərqli meyarlar ilə aparılır.
Bütövlükdə, yeni sənəd istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyənləşdirilməsi qaydalarını müəyyən edir. Əlillik təyinatının elektronlaşdırılmasının dərinləşdirilməsi və xüsusən də süni intelektdən daha yaxından istifadə olunması da prioritet olaraq qalmaqdadır”.
Şəbnəm












