Yenilənmiş siyasi məhbus siyahısında 100 nəfər var

“Azərbaycan siyasi məhbuslara azadlıq” İttifaqı iyunun 6-da yeni siyahını dərc edib. Siyahıya 100 nəfər daxil olub.

Siyahını Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və Siyasi Məhbusların Monitorinq Mərkəzinin rəhbəri Elşən Həsənov “siyasi məhbus” anlayışının AŞPA tərəfindən müəyyən edilmiş meyarları əsasında tərtib edib.

21 fevral tarixli əvvəlki siyahı ilə müqayisədə siyasi məhbusların sayı 26 nəfər azalıb. Bu, prezidentin 27 may tarixli sərəncamı ilə əfv olunmuş və cəza müddəti başa çatmış məhbuslar sayəsində baş verib.

Amma siyahıda yeni siyasi məhbusların – bloger Rəşad Ramazanov və “Müsəlman Birliyi” Hərəkatının üzvü Elşən Abbasovun adı var.

Siyasi məhbuslar 6 qrupa təsnif edilib. “Jurnalistlər və blogerlər” kateqoriyasında 4 nəfərin adı var: xeberman.com saytının rəhbəri Polad Aslanov, yukselis.info saytının rəhbəri Elçin Məmməd, bloger Aslan Qurbanov və Rəşad Ramazanov.

“Müxalif partiya və hərəkatların üzvləri” qrupunda 9 nəfər var: Vətəndaş və İnkişaf Partiyasının lideri Əli Əliyev, Xalq Cəbhəsi Partiyasının üzvləri Niyaməddin, Əhmədov, Aqil Hümbətov, Pünhan Kərimli, Şahin Hacıyev, Mütəllim Orucov, Məlik Rzayev, Almaniyada fəaliyyət göstərən “Azad Azərbaycanı Seç” təşkilatının üzvü Cəfər Mirzəyev və Samir Aşurov.

Maraqlıdır ki, bu qrupdakı beş nəfər AFR-dən deportasiya edildikdən sonra həbs edilmiş Pünhan Kərimli, Mütəllim Orucov, Məlik Rzayev, Cəfər Mirzəyev və Samir Aşurovdur.

“Dindarlar” qrupunda 19 nəfər var: İslam Partiyasının lideri Mövsüm Səmədov, onun bu vəzifədəki varisi İlham Əliyev, ilahiyyatçılar Abgül Süleymanov və Ceyhun Mustafayev. “Nardaran işi”nin əsas fiqurantları, o cümlədən “Müsəlman Birliyi” Hərəkatının lideri Taleh Bağırzadə və onun köməkçisi Abbas Hüseynov, habelə ilahiyyatçı Sərdar Babayev də bu qrupdadır.

“Tərtər işi” üzrə həbs edilənlər qrupunda əvvəlki kimi 27, “Gəncə işi” üzrə həbs edilənlər qrupunda da 27 nəfər var.

“Ömürlük məhbuslar” qrupunda əvvəlki kimi 14 nəfər var. Onlardan altısı 1995-ci il qiyamı ilə əlaqədar həbs edilmiş xüsusi təyinatlı polis dəstəsinin keçmiş zabitləri, üçü 1992-1993-cü illərdə Qarabağda döyüşmüş “Qaranquş” dəstəsinin üzvləri və beşi keçmiş baş nazir Sürət Hüseynovun işi üzrə həbs edilənlərdir.

Gununsesi.info