2 oktyabr tarixində keçirilən Yeni Azərbaycan Partiyasının qurultayı müasir Azərbaycan siyasətində xüsusi önəmli hadisə kimi yaddaşlarda qalmalıdır. YAP artıq təkcə bir siyasi partiya deyil, eyni zamanda dövlətin ideoloji sütunu, əsas təbliğat və kadr bazası rolunu oynayacaq. Prezident İlham Əliyev qalib lider kimi müasir Azərbaycanın gələcək yol xəritəsini məhz bu konfransdakı çıxışında bəyan etdi.
Əvvəlki dövrlərdə deyilən “ərazi bütövlüyünün bərpası” fikri gündəlikdən çıxarılır. Artıq onun yerini “suverenliyin qorunması, milli gücün gücləndirilməsi və yeni inkişaf mərhələsi” gəlir.
2003-cü ildən sonra dövlət siyasətinin ən böyük strateji hədəflərindən biri Qarabağ məsələsinin həlli idi. Prezident çıxışında özü də xatırladır ki, 2003-cü ildə əsas vəzifə kimi ərazi bütövlüyünün bərpasını qarşıya qoymuşdu və bunun həyata keçirildiyini bildirir.
İndi isə siyasi gündəm dəyişir. Azərbaycan dövləti artıq əldə olanı qorumaq və inkişaf etdirmək strategiyasına keçir. Bu, çox ciddi konseptual dəyişiklikdir.
Cənab İlham Əliyev öz çıxışında yeni dövlətçilik formulunun 5 əsas dayağını göstərdi: müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və öz imkanlarımızdan maksimum istifadə.
Məhz dövlətin göstərilən xətlər üzrə inkişafı nəzərdə tutulur. Bu isə Azərbaycanın gələcəyinin möhkəm təməllər üzərində olduğu fikrini bir daha ortaya qoydu.
Dövlət başçısının çıxışında ən diqqətçəkən məqam isə ideoloji işlə bağlı deyilən fikirlər idi. Dövlət başçısı çıxışında qeyd etdi ki, “şablonlardan əl çəkmək”, formal tədbirlərdən uzaqlaşmaq və “yeni, müasir ideoloji işlər” aparmaq lazımdır.
Bu, əslində çox ciddi mesajdır.
Çünki 1990-cı və 2000-ci illərin ideoloji gündəliyi ilə 2026-cı ilin Azərbaycanının ideoloji gündəliyi eyni ola bilməz. Əvvəlki dövrlərdə əsas mövzular:
Dövlət müstəqilliyinin qorunması;
Ərazi bütövlüyü;
Ermənistan-Azərbaycan münaqişəsi;
Separatizmlə mübarizə;
Milli dövlətçiliyin möhkəmləndirilməsi idi.
İndi isə hədəflər başqadır və bu zaman yeni suallar ortaya çıxır:
Gənc nəsilə hansı Azərbaycan modeli təqdim ediləcək?
Zəfərdən sonrakı milli identiklik necə formalaşdırılacaq?
İnformasiya müharibəsinə necə cavab veriləcək?
Sosial şəbəkələrdə dövlətçilik ideyası necə izah olunacaq?
Xaricdən gələn ideoloji və siyasi təsirlərə qarşı cəmiyyət necə dayanıqlı olacaq?
Bu sualların cavabı müasir ideoloji işin qurulmasında əsas olacaqdır. Əslində Prezidentin “müasir ideoloji iş” çağırışı post-Zəfər Azərbaycanının yeni ideoloji modelinin axtarışı kimi anlaşmalıdır.
Bundan sonra YAP-ın cəmiyyətdəki rolu da artırılır. YAP artıq yalnız seçki kampaniyalarını təşkil edən və hakim siyasi qüvvəni təmsil edən partiya kimi təqdim edilmir. Prezident partiyanın fəaliyyətini Azərbaycanın inkişaf mərhələləri və dövlətçilik xətti ilə birbaşa əlaqələndirir.
YAP bundan sonra dövlətin siyasətini xalqa çatdırmalı və ideoloji kommunikasiyanın qurulmasını təmin etməlidir. Yəni partiya ilə cəmiyyət arasında kommunikasiya mexanizmi yenilənməlidir.
Prezidentin “formal xarakter daşıyan tədbirlərdən əl çəkmək” fikri də məhz buna işarə edir. Hazırda Azərbaycan siyasi həyatında yeni nəsildə aktiv siyasi gənclər var. Onların YAP daxilində irəli çəkilməsi, ideoloji işin mərkəzdə və bölgələrdə məhz bu gənclərin gücü, müasir yanaşmalar və sosial şəbəkələrin imkanlarından geniş istifadə edilməklə həyata keçirilməsi əsas kimi götürülməlidir.
Köhnə yanaşmalardan imtina, formal iclasların ləğv edilməsi və insanlarla əsaslı işin aparılması, xüsusilə gənclərin xaricdən gələn yad təsirlərdən qorunması YAP üçün əsas təşkil edəcək.
İqtidar partiyası təkcə Bakıda deyil, həmçinin bölgələrdə də dövlətçiliyin gücləndirilməsi, qələbənin möhkəmləndirilməsi və inkişafı üçün ideoloji işin aparılmasını təşkil edəcəkdir. Bu isə Yeni Azərbaycan Partiyasının qarşıdakı dövrdə cəmiyyət içərisindəki rolunu əhəmiyyətli şəkildə artıracaqdır.

Zeynal Əmrəliyev
Politoloq







