Cənubi Qafqazda sülh və əməkdaşlıq üçün ən vacib layihələrdən biri Zəngəzur dəhlizinin açılması məsələsidir.
Bu dəhliz təkcə Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirmir, həm də region ölkələrinin qarşılıqlı iqtisadi və strateji əlaqələrini gücləndirə bilər.
Ermənistan uzun illər regional layihələrdən kənarda qalıb və nəqliyyat blokadasında olub.
Zəngəzur dəhlizi isə bu ölkəyə yeni tranzit imkanları, iqtisadi inkişaf və diplomatik münasibətlərin yaxşılaşması üçün fürsət yaradır.
Gununsesi.info-ya danışan Milli Məclisin deputatı Naqif Həmzəyev vurğulayıb ki, dəhlizin açılması Ermənistan üçün həm strateji, həm də iqtisadi baxımdan mühüm əhəmiyyət daşıyır:

“Azərbaycan İkinci Qarabağ müharibəsində qələbə qazandıqdan sonra 2023-cü ildə ərazi suverenliyini tam təmin etdi. Lakin 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın əsas müddəalarından biri – Azərbaycan ərazisi ilə Naxçıvanın maneəsiz əlaqəsinin təmin olunması – ötən beş il ərzində Ermənistan tərəfindən yerinə yetirilmədi. Hətta sülh sazişi layihəsindən Zəngəzur dəhlizi ilə bağlı bəndlərin çıxarılması da diqqət çəkdi. Bununla belə, məsələnin müzakirələrinin davam etdirilməsi barədə razılıq əldə olundu.
ABŞ-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən görüşdə qəbul edilən bəyanatdan sonra aydın oldu ki, Zəngəzur dəhlizinin istifadəsi və istismarı Ermənistan tərəfindən ABŞ şirkətlərinə həvalə ediləcək. Dəhlizin işə düşməsi ilə Ermənistan həm də Azərbaycan qarşısında götürdüyü öhdəliyi yerinə yetirmiş olacaq. Beləliklə, Azərbaycanın şərqini – Zəngilan ərazisini – Naxçıvanla birləşdirən dəmir yolu və avtomobil yolu istifadəyə veriləcək. Bu yoldan region ölkələri də faydalana biləcək.
Dəhliz vasitəsilə həm yükdaşımalar həyata keçiriləcək, həm də enerji resurslarının ötürülməsi mümkün olacaq. Hazırda Ermənistanın nə İranla, nə də Rusiya ilə birbaşa dəmir yolu əlaqəsi mövcuddur. Zəngəzur dəhlizinə çıxış isə Ermənistana hər iki istiqamətdə – həm Rusiya, həm də İranla nəqliyyat və ticarət əlaqələrinin qurulmasına imkan verəcək”.
Naqif Həmzəyevin sözlərinə görə, Zəngəzur dəhlizinin açılması Ermənistanın uzun illər apardığı uğursuz siyasət nəticəsində düşdüyü blokadadan çıxmasına şərait yaradacaq:
“Naxçıvandan Qarsa uzanan dəmir yolu xəttindən Ermənistanın istifadə etməsi də mümkün olacaq. Bir sözlə, Zəngəzur dəhlizinin işə düşməsi ilə Ermənistan həm iqtisadiyyatını canlandırmaq, həm də yükdaşımalarını şaxələndirmək imkanı əldə edəcək. Bununla yanaşı, Azərbaycan uzun müddətdir nəqliyyat şəbəkəsinin formalaşdırılması istiqamətində mühüm layihələr həyata keçirir.
Hazırda Şimal–Cənub nəqliyyat dəhlizi üzrə hərəkət təmin olunub. Eyni zamanda, Çindən Avropaya gedən ən qısa və sürətli marşrut məhz Azərbaycandan keçir və bu xətt əsasən yükdaşımalar üçün nəzərdə tutulur. Orta dəhlizin imkanlarını genişləndirmək məqsədilə Azərbaycan Qara dəniz limanlarının genişləndirilməsi və yeni limanların prosesə cəlb olunması istiqamətində addımlar atır. Zəngəzur dəhlizinin istifadəyə verilməsi isə yükdaşımaların həyata keçirilməsi üçün əlavə bir alternativ marşrut yaradacaq.
Bundan başqa, İran ərazisindən keçməklə Naxçıvanı birləşdirən əlavə dəmir yolu və avtomobil xəttinin də istifadəyə verilməsi planlaşdırılır. Beləliklə, yaxın beş ildə Azərbaycan yükdaşımaların həcmini 2-3 dəfə artırmağı qarşısına məqsəd qoyur ki, bu da region ölkələrinin birbaşa maraqlarına xidmət edəcək. Nəticədə yalnız Azərbaycan deyil, bütün region dövlətləri, o cümlədən Ermənistan da bu prosesdən faydalanaraq real gəlirlər əldə edəcək”.
Deputatın fikrincə, Zəngəzur dəhlizinin işə düşməsi Azərbaycan və Ermənistan arasında münasibətlərin yumşalmasına da səbəb ola bilər:
“Növbəti onilliklərdə Ermənistan və Azərbaycan vətəndaşları arasında müəyyən yaxınlaşmaların şahidi olmaq mümkündür. Çünki dəhlizin istifadəyə verilməsi ilə yanaşı, tərəflər arasında digər kommunikasiyaların da mərhələli şəkildə açılması reallaşa bilər.
Bir sözlə, əgər Ermənistan öhdəliklərini yerinə yetirsə, ABŞ-ın vasitəçiliyi ilə üç lider tərəfindən verilmiş bəyanatın müddəaları tam icra olunsa və paraflanmış sülh müqaviləsi tezliklə imzalansa, bütün bu proseslərin daha sürətli həyata keçirilməsi mümkün olacaq”.

Gülxanım Əliyeva












