Əliyev Putindən izahat tələb etdi - RUSİYADAN ERMƏNİSTANA HƏRBİ YÜK DAŞINIR

  • By admin
  • 13 Avqust 2020 16:57

 

Avqustun 12-də Azərbaycan dövlət başçısı İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə zəng edib.

Gununsesi.info-nun xəbərinə görə, o, Putinə iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat barədə məlumat verib, bu barədə prezidentin mətbuat xidmətinin məlumatında deyilir.

Əliyev Ermənistanın növbəti təcavüz aktı nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və bir nəfər mülki şəxsimizin həlak olduğunu vurğulayıb. O, Ermənistan silahlı qüvvələrinin sərhəd boyunca kəndləri və yaşayış məntəqələrini artilleriya atəşinə tutması nəticəsində bir çox evlərin dağıldığını və yararsız hala düşdüyünü bildirib.Prezident Ermənistanın bu hərbi hücumunun əsas məqsədinin üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək olduğunu qeyd edib.

Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra, iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya prezidentinin diqqətinə çatdırıb.

Əliyev Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirib və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulayıb, deyə məlumatda bildirilir. Məlumatda Putinin Əliyevin bu iradlarına nə cavab verdiyi açıqlanmır.

Öz növbəsində, Kremlin mətbuat xidməti bildirir ki, tərəflər “ikitərəfli gündəlikdəki aktual mövzuları müzakirə ediblər. Azərbaycan-Rusiya tərəfdaşlığının bütün sahələrdə daha da möhkəmləndirilməsinə dair qarşılıqlı niyyət ifadə olunub”.

“Bu ilin iyul ayında Azərbaycan-Ermənistanın dövlət sərhədində baş vermiş gərginlik kontekstində regional problemlər ətrafında fikir mübadiləsi aparılıb. Rusiya tərəfi gərginliyin artmasına səbəb  olan istənilən addıma yol verilməməsinin əhəmiyyətini vurğulayıb”.

 

 

Gununsesi.info