“İranın nüvə proqramına beynəlxalq nəzarət hələ tam təmin olunmayıb”

ABŞ mediası xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunu İrana qarşı mümkün hərbi əməliyyat barədə məlumatlandırıb. Tramp bildirib ki, əgər İranla nüvə proqramı ilə bağlı razılaşma əldə olunmasa, ABŞ İsrailin İrana hərbi müdaxiləsini dəstəkləyəcək.

Gununsesi.info-ya danışan Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan məsələyə belə münasibət bildirib:

“Bir ilə yaxındır ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişləri İranda nüvə obyektlərinə daxil olmaq imkanına malik deyillər. Bunun ardınca ABŞ bəyan edib ki, İranın nüvə obyektləri vurulub və onun nüvə proqramını inkişaf etdirmək imkanları məhduddur. ABŞ-ın iddiasına görə, nüvə obyektlərinə edilən hücumlar nəticəsində bir sıra atom fizikləri də öldürülüb.

İran tərəfi isə açıqlayıb ki, bütün nüvə fizikləri məhv edilməyib və nüvə obyektləri tamamilə sıradan çıxarılmayıb. Həmçinin, zənginləşdirilmiş uran hələ də İran ərazisində qalmaqdadır. Buna baxmayaraq, İran Prezidenti bir neçə gün əvvəl bəyan edib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nümayəndələri üçün nüvə obyektləri açıqdır.

Sabah ABŞ nümayəndəsi ilə İranın Xarici İşlər Naziri Əbbas Araqçi arasında nüvə proqramı ilə bağlı danışıqlar aparılacaq. Bu görüşdə Qrossi ilə əldə olunmuş razılaşma müzakirə masasına gətiriləcək və məsələnin müvafiq tərəflər arasında daha ətraflı müzakirəsi mümkün olacaq. Tramp və İran rəsmiləri görüşü danışıqlar üçün müsbət addım kimi qiymətləndirirlər”.

 

 

Şəbnəm

Gununsesi.info